...

Bakıda Azərbaycanın ilk "YAY!" Müasir İncəsənət Qalereyası açılır (FOTO)

Mədəniyyət Materials 9 Oktyabr 2012 10:00 (UTC +04:00)
Azərbaycanda ilk "YAY!" Müasir İncəsənət Qalereyası oktyabrın 10-da Bakıda üç gənc rəssamın - Faiq Əhməd, Fərid Rəsulov və Elşən İbrahimovun birgə sərgisi ilə açılır.
Bakıda Azərbaycanın ilk "YAY!" Müasir İncəsənət Qalereyası açılır (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir V.İmanov/

Azərbaycanda ilk "YAY!" Müasir İncəsənət Qalereyası oktyabrın 10-da Bakıda üç gənc rəssamın - Faiq Əhməd, Fərid Rəsulov və Elşən İbrahimovun birgə sərgisi ilə açılır.

Tikintisi Bakının qədim ərazisinin ürəyi sayılan İçərişəhərdə yenicə başa çatan "YAY!" qalereyası bundan sonra rəssamların yaradıcılıq sınaqları üçün daimi meydança olacaq.

Paytaxtın mədəni həyatında öz parlaq izini qoymuş "YARAT!" Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr artıq Bakı sakinlərinə tanışdır.

"YARAT!" Müasir İncəsənət Məkanı kimi yaradılması Aidə Mahmudovanın fikri olan "YAY!" qalereyası qarşısına müasir Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim etmək, habelə bakılıları dünya incəsənətində peyda olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini qoyur.

Beləliklə, "YAY!" qalereyasında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunacaq. "YAY!" qalereyasının planlarında yeni, maraqlı tərəfdaşların axtarışı, həmçinin "YARAT!" Müasir İncəsənət Məkanı ilə uzun müddət və uğurla əməkdaşlıq edən rəssamların dəstəklənməsi var.

Əminliklə demək olar ki, "YAY!" qalereyası və "YARAT!" Müasir İncəsənət Məkanı bir-birini tamamlayaraq və gücləndirərək gələcəkdə səmərəli tandem formalaşdıracaqlar. Məsələn, "YAY!" qalereyası "YARAT!" Müasir İncəsənət Məkanının təşəbbüslərinə maliyyə və texniki dəstək verməyi planlaşdırır, "YARAT!" Müasir İncəsənət Məkanı isə qarşıdakı sərgilərin konsepsiyasını müəyyənləşdirərək əvvəlki kimi ideyalar və istedadların mənbəyi kimi qalacaq.

İlk sərginin mövzusu Azərbaycan xalçasıdır: ənənəvi və qeyri-adi, yenidən dərk edilmiş, yeniləşdirilmiş və çağdaş zamanın çərçivələrinə sığan xalçalar. Müasir rəqəmsal dünyada xalça artıq məişətin, rahatlığın və sabitliyin ayrılmaz elementi deyil. Bəzi insanların otaqlardan çıxardığı, digərləri tərəfindən isə qısqanclıqla qorunan xalça yenə də rəssamlar üçün ilham mənbəyi və tamamilə gözlənilməz sınaqların təməli ola bilər.

Piksellərə bölünmüş və divardan "süzülən" xalça Dalinin məşhur "Maye Saat" əsərinə bənzəyir. Üçölçülü xalça sanki bir çox elementlərdən pazzl şəklində yığılıb və tanınmış Tetris oyununun sürətlə hərəkət edən fiqurlarını təqlid edir. Sərgiyə təşrif buyuran hər kəsin öz pazzlı var.

Bu konkret vəziyyətdə iştirakçıların sayı üçdür... Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, 52-ci Venesiya Biennalesinin iştirakçısı Faiq Əhməd Azərbaycan xalçasının formasını və qədimi naxışlarını dəyişikliklərə məruz qoyaraq, vərdiş elədiyimiz xalça quruluşundan kənara çıxır. Onun yaratdığı əsərlərdə canlı, yumşaq və elastik struktur olan yun solğun plastiklə bir yerdə mövcuddur. Faiq Əhmədin əsərləri artıq bu il "Art Dubay" müasir incəsənət yarmarkasında nümayiş edilərək tənqidçilər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanı Venesiya Biennalesində təmsil edən rəssam Fərid Rəsulov nəfis Qərbsayağı interyerləri Şərq xalçaları ilə bağlayan özünəməxsus fotoprintlər yaradır. Bu cah-calalın içində alüminiumdan və orqanik şüşədən yaradılmış heyvan obrazları peyda olur. Bu obrazlar Şərq mədəniyyətinin Qərb mədəniyyəti kimi köklərindən ayrıldığını və təbiətlə bütün bağlarını qopardığını sübut edir.

Elşən İbrahimov isə xalça şəklinin əsasında yaradılan kompüter oyununu tamaşaçılara təqdim edir. Onun "Xalça oyunları" fərəhsiz və möhtəşəm ünsürlərin vəhdətidir, habelə XXI əsrdə yaşayan yeniyetmənin rəqəmsal təfəkkürünü və xalqın qədim ənənələrini əks etdirir. Onun təfsirlərinə əsasən, artıq evimizin divarlarını bəzəməyən xalça tam yeni bir keyfiyyətdə mənzilimizə qayıtmağa layiqdir.

Bütün müəllifləri Azərbaycan xalçasına yeni ömür bəxş etmək istəyi və zamanın çağırışına cavab olaraq mədəniyyətin dəyişmək və təkamül etmək qabiliyyətini isbat etmək arzusu birləşdirir. Müəlliflər tərəfindən göstərilən bu səylər xüsusilə də naxışların, demək olar, ən mühafizəkar və çətinliklə dəyişən elementi olan xalça naxışlarının fonunda daha canlı və maraqlı görünür.

Sərgi 2012-ci il noyabrın 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti