...

Fransada saxlanılan Azərbaycanın maddi mədəniyyət nümunələri ilə bağlı araşdırmalar aparılır (FOTO)

Mədəniyyət Materials 13 Dekabr 2012 13:46 (UTC +04:00)
Fransanın Sen Jermen Milli Arxeologiya Muzeyində saxlanılan Azərbaycanın maddi mədəniyyət nümunələri ilə bağlı araşdırmalar aparılır.
Fransada saxlanılan Azərbaycanın maddi mədəniyyət nümunələri ilə bağlı araşdırmalar aparılır (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Fransanın Sen Jermen Milli Arxeologiya Muzeyində saxlanılan Azərbaycanın maddi mədəniyyət nümunələri ilə bağlı araşdırmalar aparılır. Bunu çümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə deyib.

Onun sözlərinə görə, bu muzeydə saxlanılan Azərbaycanın cənub bölgəsinin son tunc-erkən dəmir dövrünə aid zəngin əşyaları elmi fondlarda yüksək şəkildə mühafizə edilir. Bölgəmizin zəngin tarixini özündə əks etdirən tunc və dəmirdən hazırlanmış müxtəlif təyinatlı silahlar, rəngarəng metal və mineraldan bəzək əşyaları, saxsı qablardan ibarət məişət əşyaları olduca böyük əhəmiyyətə malikdir.

Hazırda muzeyin ekspozisiya və elmi materiallar fondunda təxminən mindən artıq maddi mədəniyyət nümunələri var. Avropanın məşhur muzeylərindən biri sayılan Sen Jermen Milli Arxeologiya Muzeyinin ekspozisiyasında nümayiş etdirilən Azərbaycanın zəngin tarixinin bir parçası muzeyə gələn turistlərdə geniş marağa səbəb olur.

Bu işlər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Parisin Sen Jermen Milli Arxeologiya Muzeyinin birgə əməkdaşlığı ilə "Jak de Morqan irsinin tədqiqi" layihəsi çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, fransalı tədqiqatçı Jak və Henri Morqan qardaşları XIX əsrin sonlarında Azərbaycanın cənub-şərq bölgəsində qazıntılar apararaq topladığı materialları Fransaya göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti