...

Avropa İttifaqı Bakıda 4-cü Avropa Film Festivalını təşkil edir

Mədəniyyət Materials 24 Oktyabr 2013 13:43 (UTC +04:00)
Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş Səfirlikləri "Park Cinema" şəbəkə kinoteatrları ilə birgə oktyabrın 30-dan noyabrın 6-a kimi Bakıda 4-cü Avropa Film Festivalını keçirəcəklər.
Avropa İttifaqı Bakıda 4-cü Avropa Film Festivalını təşkil edir

Azərbaycan, Bakı, 24 oktyabr / Trend, müxbir S.Əhmədova /

Avropa İttifaqı (Aİ) ölkədəki nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri "Park Cinema" şəbəkə kinoteatrları ilə birgə oktyabrın 30-dan noyabrın 6-a kimi Bakıda 4-cü Avropa Film Festivalı təşkil edəcəklər. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 2013-cü ilin Avropa Film Festivalının proqramına 17 Avropa ölkəsinin (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və bir Azərbaycan filminin nümayişi daxildir. Həmin filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaqdır. Qeyd etmək lazımdır ki, Estoniya, Finlandiya və Xorvatiya festivalda ilk dəfə iştirak edəcəklər.

Festivalın açılışı "Antibə bir tərəfə bilet" İsveç filminin nümayiş etdirilməsi ilə olacaq. Filmin rejissoru Riçart Hobert filmi şəxsən təqdim etmək üçün 30 oktyabr tarixində Bakıya gələcək. Böyük Britaniyadan ssenarist Pol Freyzer, "Atəşli ürək. Tadas Blinda haqqında əfsanə" Litva filminin operatoru Ramunas Qreysius, Vyanada eyniadlı "Üçüncü Adam" Muzeyinin direktoru Jerar Ştrassqşvantner, "Xəyalların komandası 1935" Latviya filminin prodüseri Liqa Pipare və administratoru Diana Stepan və digərləri festivalın digər fəxri qonaqları olacaqlar. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcəkdir.

Festivalın Bakıda üç kinoteatrda ("Park Cinema" Park Bulvar, "Park Cinema" Metro Park və Nizami kinoteatrında) keçirilməsi daha bir yenilikdir.

Avropa Film festivalları Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və onları inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqqında olan anlayışı daha da artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti