...

Məmməd Araz irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Mədəniyyət Materials 13 Dekabr 2013 14:39 (UTC +04:00)
Bu gün "Kaspi" qəzeti tərəfindən elan edilən, Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Məmməd Araz irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün "Kaspi" qəzeti tərəfindən elan edilən, Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Kaspi" qəzeti və Kaspi Təhsil mərkəzinin layihəsi əsasında həmin müsabiqəyə təqdim edilmiş yazıların yer aldığı "Haqqın var yaşamağa" adlı kitab da çap edilib.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, "Kaspi" qəzeti bir sıra layihələr həyata keçirir. Bu müsabiqənin elan olunması və kitabın nəşr edilməsi də həmin layihələrdən biridir.

S.Vəliyevanın sözlərinə görə, bu layihədə əsas məqsəd Azərbaycanın Xalq şairi Məmməd Arazın yaradıcılığının tədqiqində ən yeni baxışların ədəbi mühitə çıxarılması olub.

M.Arazı əbədiyaşar şair kimi dəyərləndirən S.Vəliyeva qeyd edib ki, M.Araz ilahidən ona verilən missiyanı yerinə yetirərək bir millətin milli məfkurəsini birləşdirən poeziya yaradıb. Onun poeziyasında Azərbaycançılıq məfkurəsi öz əksini tapıb: "Müsabiqədə tanınmış imzası olan və olmayanlar, hətta tələbələr də iştirak ediblər. Müsabiqəyə təqdim edilən yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkünsüzdür. İndiyə qədər şairin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılaraq deyilməmiş, yazılmamış orijinal fikirlər toplusu Məmməd Araz poeziyasının dərya kimi dərinliyini sübut etdi. Müsabiqə yeni fikir, məlumat və fərqli düşüncələrin sərgisinə çevrildi".

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, müsabiqəyə yazıların qəbulu bu ilin aprel ayından sentyabr ayına kimi aparılıb. Müsabiqəyə 80 yazı təqdim olunub. Onlardan 60-ı müsabiqəyə daxil edilib. Müsabiqənin mükafat fondu 10 min manat təşkil edir.

Tədbirdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı "millət atası" kimi xarakterizə edib: "O, yalnız öz övladlarının atası, öz nəvələrinin babası olmayıb. O, öz övladlarından, nəvələrindən çox bu millət üçün atalıq, babalıq edib, onlara verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəxş edib. Azərbaycan olduqca onun poeziyası da olacaq. Füzuli, Nəsimi, Hüseyn Cavid, Məmməd Araz kimi dahilər yaşayacaqlar".

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə birinci yerə yazıçı-publisist Akif Əli layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti