...

Bolqarıstan kitabxanasına hədiyyə edilmiş Azərbaycan haqqında kitablardan ibarət sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 3 İyun 2015 20:55 (UTC +04:00)
Bolqarıstanın ən böyük elm və mədəniyyət ocağı olan Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanasında Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən sözügedən kitabxanaya hədiyyə edilmiş Azərbaycan haqqında kitablardan ibarət sərginin açılışı keçirilib.
Bolqarıstan kitabxanasına hədiyyə edilmiş Azərbaycan haqqında kitablardan ibarət sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bolqarıstanın ən böyük elm və mədəniyyət ocağı olan Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanada Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən sözügedən kitabxanaya hədiyyə edilmiş Azərbaycan haqqında kitablardan ibarət sərginin açılışı keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgini giriş sözü ilə açan Kiril və Mefodi adına Milli Kitabxananın müdiri xanım Boryana Xristova Azərbaycanla Bolqarıstan arasında mədəniyyət və informasiya mübadiləsi sahəsində əlaqələrin inkişafının vacibliyini qeyd edərək, cari il aprelin 17-də Sofiya şəhərində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstanın Müqəddəs Kiril və Mefodi Milli Kitabxanası arasında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə Anlaşma Memorandumunu xatırladıb və keçirilən bu sərgini adıçəkilən memorandumun praktik nəticələrindən biri kimi qiymətləndirdiyini bildirib.

Bundan əlavə, xanım B.Xristova Azərbaycan səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablara görə səfir Emil Kərimova təşəkkürünü bildirib və Bolqarıstan ictimaiyyətinin bu kitablar vasitəsilə Azərbaycan haqqında daha çox və ətraflı məlumatlar əldə edəcəklərinə əminliyini vurğulayıb.

Sonda xanım B.Xristova M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları səfirə təqdim edib.

Sonra tədbirdə çıxış edən E.Kərimov Azərbaycanla Bolqarıstan arasında qarşılıqlı münasibətlərin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana rəsmi səfəri zamanı qoyulduğundan danışaraq, cari ilin mart ayında canab Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfərini xatırladıb və bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini qeyd edib, həmçinin səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin vacibliyini vurğulayıb.

Bununla yanaşı, səfir Azərbaycanla Bolqarıstan arasında energetika sahəsi ilə yanaşı, turizm, kənd təsərrüfatı və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Sonda diplomat sərginin təşkili və açılışı üçün kitabxananın direktoru B.Xristovaya təşəkkürünü bildirib və Azərbaycan haqqında kitabların Bolqarıstan xalqı üçün vacib və faydalı olacağına əminliyini vurğulayıb.

Sərgidə Bolqarıstanın elm, mədəniyyət xadimləri və təhsil üzrə mütəxəssislər iştirak ediblər.

Sərgi bir ay ərzində kitabxanada davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti