Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Misir Mədəniyyət Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna 5 min adda kitab hədiyyə edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, bu ilin fevralında Misir Ərəb Respublikası səfirliyinin mədəniyyət attaşesi - Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaidi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olan zaman İnstitutla Mərkəz arasında qarşılıqlı əməkdaşlığın yaradılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Artıq yaradılmış əməkdaşlığın nəticələrindən biri olaraq Misir Mədəniyyət Mərkəzi tərəfindən ərəb dilində 5 min adda kitabın elektron versiyası Əlyazmalar İnstitutuna hədiyyə olunub. Həmin kitablar İslam tarixinə və ərəb ədəbiyyatına dair əsərlər, eləcə də ayrı-ayrı ensiklopediyalar və poeziya toplularıdır. Təqdim olunan nəşrlər arasında ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın ingilis dilində yazdığı əsərlərin ərəb dilinə tərcümələri, eləcə də Avropa ədəbiyyatından bir sıra digər tərcümələr var.
Hazırda Əlyazmalar İnstitutuna hədiyyə olunmuş ərəbdilli kitabların elektron bazasının yaradılması prosesi həyata keçirilir. Yaxın zamanda ərəbdilli kitabların elektron bazası oxucuların istifadəsinə təqdim olunacaq.