Bakı. Kəmalə Seyidova - Trend:
Azərbaycanlı bəstəkar, Bəstəkarlar İttifaqının üzvü Kəmalə Əlizadənin "Passakalya" (Passacaglia) əsəri İtaliyada "MUSICA D`INSIEME" (Birgə musiqi) dərsliyinə salınıb.
Trend bildirir ki, bu dərslik italiyalı professor, bəstəkar və musiqişünas Antonio Cakomettinin nəşr etdiyi gənclər üçün ilk belə dərslikdir.
Bəstəkar və pianoçu Kəmalə Əlizadənin əsəri 2007-ci ildə bəstəkar Tommazo Dzilianinin "Canti Popolari Bresciani" dərsliyinə də salınmışdı.
"Passakalya" əsəri K.Əlizadə tərəfindən 2006-cı ildə İtaliyada təcrübə keçərkən bəstələnib. Əsər ilk dəfə 2008-ci ilin mayında Modena şəhərində Luçano Pavarotti adına Opera teatrında Antonio Cakomettinin dirijorluğu altında böyük uğurla ifa olunub.
Kəmalə Əlizadə bir sıra simfonik və kamera musiqi əsərlərinin müəllifidir. O, altı hissəli "İtirilmiş cənnət" kamera orkestri üçün süitanın, Xocalı üçün vokalizin, simli kvartet, kvintet, triolar üçün əsərlərin, vokal əsərlərinin müəllifidir.
Onun əsərləri Niderland, Yeni Zelandiya, ABŞ, Çin, Yaponiya kimi ölkələrin səhnələrində səsləndirilib.