...

İslam Həmrəyliyi Oyunları zamanı qonaqlara xüsusi mədəni proqramlar təqdim olunacaq

Mədəniyyət Materials 18 Aprel 2017 17:33 (UTC +04:00)
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana gələcək qonaqlara təqdim etmək üçün xüsusi mədəni proqramlar hazırlanıb.
İslam Həmrəyliyi Oyunları zamanı qonaqlara xüsusi mədəni proqramlar təqdim olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana gələcək qonaqlara təqdim etmək üçün xüsusi mədəni proqramlar hazırlanıb. Hazırda həmin proqram təsdiqlənmək ərəfəsindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, oyunlar zamanı bütün teatrlarda, konsert və sərgi salonlarında islam mədəniyyətinə, ənənələrinə həsr olunan proqramlar həyata keçiriləcək: "Lakin bu, o demək deyil ki, biz yalnız islam dininə aid olan tamaşalar nümayiş etdirəcəyik. Azərbaycan xalqı dünyəvi proseslərin də iştirakçısıdır. Ona görə də biz bunu sintez etməyi düşünürük. Hesab edirik ki, bu da qonaqların marağını cəlb edəcək. İslam Oyunları zamanı turistlərin gəlməsi mədəniyyət obyektlərinin maliyyə durumuna da müsbət təsir göstərəcək".

Ə.Qarayev deyib ki, İslam Oyunları və daha sonra keçiriləcək "Formula 1" yarışları zamanı mədəniyyət obyektlərinin işçilərinin iş cədvəlinin dəyişdiriləcəyi gözlənilir.

Nazir oyunlar zamanı Azərbaycana gələcək qonaqların yerləşdirilməsinə də münasibət bildirib.

O qeyd edib ki, İslam Oyunlarda iştirak edəcək idmançılar "Atletlər" kəndində qalacaqlar: "Qonaqlara gəldikdə isə artıq Azərbaycanda həmin dövr üçün hotellərin doldurulma faizi çox yüksəkdir. İnanıram ki, həm oyunlar, həm formula, həm də digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı Azərbaycan hotelləri lazımi, keyfiyyətli xidmətlər təklif etmək iqtidarındadırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti