...

Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Mədəniyyət Materials 16 İyun 2017 14:26 (UTC +04:00)
Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Bakı. Trend:

İyunun 18-də görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin (Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin) anadan olmasının 100 ili tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin “Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2017-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə 16 iyun saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) iştirakı ilə yubiley gecəsi keçiriləcək.

C.Hacıyev musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətdir. Onun yaradıcılığı Ü.Hacıbəyov və D.Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşıb. C.Hacıyev müxtəlif musiqi janrlarında – opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da, onun yaradıcılığında aparıcı janr simfoniya – ümumilikdə, simfonik musiqidir. Məhz buna görə də Azərbaycan simfonizminin inkişafında C.Hacıyevin xidməti təqdirəlayiqdir. Onun 8 simfoniyası, “Sülh uğrunda” simfonik poeması, bir çox kamera və xor əsərləri musiqimizin Qızıl fonduna daxil edilib.

C.Hacıyev uzun illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının rektoru və bəstəkarlıq fakültəsinin professoru kimi bütün səy və bacarığını yeni nəslin yetişdirilməsinə sərf edib. Geniş simfonik təfəkkürə, yüksək erudisiyaya, nəcib insani keyfiyyətlərə malik olan C.Hacıyevin musiqisi daima səslənəcək və gələcək nəsilləri ali bəşəri ideyalara ruhlandıracaq.

Konsertin proqramı:

3 saylı simfoniya
“Sülh uğrunda” simfonik poema
5 saylı simfoniya
“VƏTƏN” operasından Mərdanın ariyası (ifa edir: Əməkdar artist İlham Nəzərov)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti