Bakı. Trend:
Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində fortepiano musiqisi gecəsi keçiriləcək.
Trend-in məlumatına görə, gecədə UNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano) çıxış edəcək.
E.Bolkvadze Tbilisi şəhərində ədəbiyyatçı və yazıçı ailəsində doğulub. O, musiqi təhsilinə 4 yaşında başlayıb, ilk konsertini isə 7 yaşında olarkən orkestr ilə birgə çıxış edib. O, müxtəlif bacarıqlara sahib musiqiçi, yüksək dərəcədə həssas və mükəmməl dərəcədə viruozdur. Beynəlxalq müsabiqələr laureatı E.Bolkvadze Gürcüstanın “The Medal of Georgian Government” (“Gürcüstan Dövlət Medalı”) medalına layiq görülüb. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirib və 2015-ci ildə UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülüb.
E.Bolkvadze bacarıqlı gənclərə kömək məqsədi ilə davamlı olaraq sosial aktiv fəaliyyətlərlə məşğul olub və 2013-cü ildə Gürcüstanda “Lyra” adlı fondunu yaradıb. O, Qara dəniz sahilindəki Batumi Ümummilli Musiqi Festivalının təsisçisidir. Bu festival hazırda Gürcüstan mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunur.
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək gecədə E.Bolkvadze tamaşaçılar üçün L.V.Bethovenin, Q.Qarayevin, F.Şopenin, F.Şubertin, K.Debüssinin və S.Prokofyevin əsərlərin səsləndirəcək.
Konsertin biletlərini şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.