...

Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavid Sofiyada anılıb (FOTO)

Mədəniyyət Materials 31 Oktyabr 2017 11:50 (UTC +04:00)
Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavid Sofiyada anılıb.
Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavid Sofiyada anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavid Sofiyada anılıb.

Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, AMEA nəzdində Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanın Baş müftisi Mustafa Hacı, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri, şair və yazıçılar iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, AMEA nəzdində Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri İrina Sarıivanova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış ediblər.

Tədbirdə Sofiya Şəhər meri Yordanka Fandıkova, Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, Q.S.Rakovski adına Hərbi Akademiyanın rektoru Qrudi Anqelov, “Slavyanlar” fondunun sədri Zaxari Zaxariev, Elm, Təhsil və Mədəniyyət üzrə İctimai Akademiyanın sədri akademik Asen Boqdanovun tədbir iştirakçılarına ünvanlanmış məktubları səsləndirilib.

Səfir N.Qurbanova çıxışında ədəbiyyatın məqsədinin cəmiyyətdəki real hadisələri bədii əsərə nəql etmək olduğunu qeyd edərək Azərbaycan ədəbiyyatının zəngin Azərbaycan folkloru ənənəlinə əsaslandığını bildirib. Bu kontekstdə, səfir möhtəşəm ədəbi abidə olan “Kitabi Dədə Qorqud” dastanının folklor xəzinəmizin dəyərli nümunəsi kimi dünya epos nümunələri arasında özünəməxsus yer tutduğunu diqqətə çatdırıb.

Səfir deyib ki, Azərbaycan ədəbi irsinin dünya ədəbiyyatını nadir ədəbi abidələrlə zənginləşdirib. 12-ci əsr Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi olan Nizami Gəncəvinin əsərləri Müsəlman intibahının zirvəsidir. Dahi şairin beş poemadan ibarət “Xəmsə”si təkcə Azərbaycan ədəbiyyatının incisi deyil, eyni zamanda Şərq İntibah mədəniyyətini zənginləşdirən real ədəbi hadisədir.

XX əsrin əvvəli Azərbaycan ədəbiyyatının romantizm ədəbi cərəyanının meydana gəlməsi ilə xarakterizə olunduğunu qeyd edən N.Qurbanova bu dövr ictimai-siyasi arenada baş verən hadisələrin, o cümlədən 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ədəbiyyata müstəsna təsirindən bəhs edib. O, yeni cərəyanın – romantik poetik dramaturgiyanın banisi kimi Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu söyləyib, Azərbaycan ədəbiyyatının, eləcə də XX əsr ədəbi fikrinin görkəmli nümayəndəsi olan H.Cavidin şair və filosof, lirik dramaturq, istedadlı alim və ədib kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda şöhrətindən söz açıb. N.Qurbanova ədibin dramaturgiyasının öz dövrünün universal sosial-siyasi və mədəni hadisələrini əhatə etdiyini və bir çox dillərə tərcümə edilərək geniş oxucu kütləsi qazandığını bildirib.

BEA-nın vitse-prezidenti Vasil Nikolov Azərbaycanın görkəmli dramaturqu H.Cavidə həsr olunan bu tədbirin Azərbaycan və Bolqarıstan arasında mədəni və elmi sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını söyləyib. O, hər iki ölkənin elmlər akademiyalarının bu istiqamətdə fəal iş apardığını əlavə edib. Cari ilin aprel ayında BEA ilə AMEA arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında Saziş, eləcə də sözügedən Sazişə Əlavə Protokolun imzalanmadığını diqqətə çatdıran V.Nikolov sözügedən sənədlərin iki akademiya arasında müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi, alim və tədqiqatçıların mübadiləsi, birgə elmi konfrans, seminar və simpoziumların təşkilini nəzərdə tutduğunu bildirib. Vitse-prezident əlavə edib ki, BEA-nın alimləri ənənəvi olaraq Bakı Beynəlxalq Humanitar Forumunda mühazirə ilə çıxış edirlər.

Daha sonra o, H.Cavidin Azərbaycan ədəbiyyatı tarixində mühüm rolundan, şair və dramaturq və istedadlı pedaqoq kimi özünəməxsus yaradıcılığından söz açıb. “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə H.Cavid adının Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini vurğulayıb. Dostoyevski kimi H.Cavidin də bəşəriyyətin xilasını məhəbbətdə, qadın gözəlliyində gördüyünü bildirən V.Nikolov dramaturqun yaradıcılığının Qərb və Şərq ədəbi-mədəni dəyərlərini özündə ehtiva etdiyi barədə məlumat verib.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu diqqətə çatdırıb. Belə bir tədbirin Bolqarıstanda keçirilməsinin təsadüfi olmadığını bildirən vitse-prezident bunun ölkələrimiz arasında mədəni və elmi sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən xəbər verdiyini söyləyib. Hər iki akademiya arasında imzalanan elm və texnologiya üzrə əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndirən İ.Həbibbəyli elmi sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu əlavə edib. Vitse-prezident yaxın günlərdə açılacaq Bakı-Tbilisi-Qars dəmir yolunun ölkələrimiz arasında mədəni əlaqələrə əlavə töhfə verəcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İ.Həbibbəyli “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli Sərəncamını xatırlayaraq sərəncamdan 3 gün sonra belə bir tədbirin keçirilməsinin xüsusi önəmindən bəhs edib. O, H.Cavidin Azərbaycanın Şekspiri, Bayronu adlandırıldığını, onun yaratdığı ənənələrin bu gün də davam etdirildiyini, onun əsərlərinin tamaşaya qoyulduğunu və izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Vitse-prezident dramaturqun “Maral” və “Şeyda” dramlarının bolqar dilinə tərcümə edilməsinin əhəmiyyətindən söz açaraq bu hadisənin Bolqarıstanda Cavid irsinin öyrənilməsinə təkan verəcəyinə ümid etdiyini ifadə edib.

BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova H.Cavidin 135 illik yubileyinə həsr olunan bu tədbirin “Şərqin Şekspiri” adlandırılan dramaturqun yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirib. Bu baxımdan sözügedən tədbirin əhəmiyyətini yüksək qiymətləndirən direktor belə mədəni hadisələrin yeni görüşlərə və ədəbi-tarixi biliklərə təkan verdiyini, ölkələrimiz arasında səmərəli elmi dialoq və ideya mübadiləsi üçün şərait yaratdığını əlavə edib.

Repressiya qurbanı olmuş H.Cavidin acınacaqlı taleyi barədə tədbir iştirakçılarına məlumat verən E.Traykova XX əsr Bolqarıstanın mədəni-siyasi tarixində belə tale yaşayan yazıçı və ziyalıların olduğunu diqqətə çatdırıb. Dramaturqun “Maral” və “Şeyda” əsərlərinin bolqar dilinə tərcümə edilməsini alqışlayan direktor sözügedən əsərlərdə qoyulan ideyaların XX əsrin 20-30-cu illəri bolqar dramaturgiyasına da xas olduğunu bildirib. O, dramaturqun Azərbaycan ədəbiyyatında yeni janrın – mənzum dramın əsasını qoyması, onun əsərlərinin Azərbaycan ədəbiyyatına verdiyi töhfə və milli teatrın inkişafındakı rolu barədə məlumat verib.

Daha sonra çıxış edən mühazirəçilər H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunmuş, onun əsərlərinin qısa təhlilini verib, dramaturqun Azərbaycan ədəbiyyatına töhfəsindən, əsasını qoyduğu ədəbi cərəyandan, ədibin yaratdığı obrazlar və onların xüsusiyyətlərindən bəhs ediblər.

Konfrans çərçivəsində həmçinin dramaturqun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilmiş və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələrinin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən hissələr səsləndirilib.

Konfrans “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli Sərəncamından sonra dahi dramaturqun xatirəsinə həsr olunan ilk tədbirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti