Bakı. Trend:
Martın 15-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Hyatt Regency” mehmanxanasının və "Total" şirkətinin sponsorluğu ilə “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib.
“Hyatt Regency” mehmanxanasında təşkil olunmuş sərgidə 70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. nümayiş etdirilib və onların satışı həyata keçirilib.
Tədbiri Palatanın idarəedici direktoru xanım Nərminə Səfərova, palatanın prezidenti Teybə Quliyeva, “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Denis Lemarşal və Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez açaraq, qadınların cəmiyyətdəki əhəmiyyətli rolundan danışdılar və ölkə iqtisadiyyatının inkişafında qadın sahibkarlığının mühümlüyünü vurğulayıblar.
Daha sonra sərgidə iştirak edən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətləri, əməkdaşlıq etdiyi qurumlardan, habelə müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr və digər qonaqlar əl işləri ilə yaxından tanış olublar.
Sərgi qadın sahibkarların şərəfinə verilmiş kokteyl ziyafəti ilə davam edib.