Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdaşlığı ilə 10 – 20 oktyabr tarixlərində Bakı şəhərində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının keçiriləcəyini böyük məmnuniyyətlə elan edir.
Trend-in məlumatına görə, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.
Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.
Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.
Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açacaq və Bakı tamaşaçılarına əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək. Rimas Tuminasın “Yevgeni Onegin” tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəğbətini qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçılar daha iki tamaşanı – “Medeya” (baş rolda Yuliya Rutberq) və “Lanqustun harayı” Rus Dram teatrında göstərəcəklər.
Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi “Vanya dayı” tamaşası da teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.
Sankt-Peterburqun “Priyut komedianta” Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Azərbaycana gətirəcək. Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl Maska” mükafatına layiq görülüb.
Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıcı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı “Yeni teatr reallığı” nominasiyasında Avropanın Ali Teatr mükafatının laureatı, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib.
M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad sinifləri yer alacaq. Bu haqda daha ətraflı məlumat tezliklə festivalın saytından əldə etmək olar.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil İnternet provayderi olan Bakcell, artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. Bakcell Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir.
M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, YARAT Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.
“Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Bəzən mənim teatrım səhnədəki aktyorların sehrli qüvvələrini oyatmaq üçün ziddiyyətli və mübaliğəli ola bilər. Mənim üçün ideal teatr Yeji Qrotovski və Antonen Arto ənənələrində olan teatrdır. Mixail Çexovun və Yeji Qrotovskinin aktyor işinin psixofiziki prosesinin və onların daxili enerjiləri ilə işləmək qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş teatr sistemləri də mənə çox yaxındır.
Sərhədsiz teatr – mən M.A.P. Festivalının konsepsiyasına bununla töhfə vermək istəyirəm. Bu, teatr körpüsünün köməyi ilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən və bir-birini qarşılıqlı hiss edən insanları bir araya gətirən bir festivaldır.
Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi – sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.
Məhz Bakı şəhəri öz gözəl infrastrukturu, çoxsaylı teatr və muzeyləri, park və bulvarları ilə festivalımızın baş qəhrəmanıdır.
Mən əminəm ki, teatr cəmiyyətin ruhu və güzgüsüdür. Mən “teatral millət” anlayışı ilə qəti şəkildə razı deyiləm. Teatr ümumbəşər hadisədir, sintetik dilə malikdir və hər xalqa xitab edir. Bizim teatr irsimizə gəldikdə isə, bu, əsrlərin dərinliyinə uzanan köklərə malik ənənəvi meydan teatrıdır. Bu ənənələri hələ də Novruz bayramında yada salırıq.
Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın.
Mən bilik və təcrübəmi Azərbaycan tamaşaçı auditoriyası ilə paylaşmaq imkanını mənə qazandırdıqları üçün YARAT Müasir İncəsənət Məkanına və şəxsən Aida Mahmudovaya ürəkdən minnətdaram.
М.А.Р sizin teatr bayramınızdır. Xoş gəlmisiniz!” (Kamran Şahmərdan, М.А.Р. Festivalının bədii rəhbəri).
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir. Mərkəz üzərinə Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda incəsənət və təhsil-araşdırma fəaliyyəti sahəsində mərkəzin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Sovet dönəmində hərbi donanma qərargahı olmuş 2000m²-lik ərazidə yerləşən YARAT Mərkəzi müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, Azərbaycanın müxtəlif regionlarından olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
2015-ci ilin oktyabrında YARAT Bakıda, qədim İçərişəhərdə, açıq və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. İl ərzində ARTIM Layihə Məkanında bir çox fərqli miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.
Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı üç ay ərzində iştirakçılara regionla bağlı əsərlərini hazırlamağa və çoxsaylı yerli rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib***
Dəvət edilmiş 14 teatr:
Y.L.Vaxtanqov adına Dövlət Akademik Teatr (Rusiya); “AXE” Mühəndis Teatrı (Rusiya); “Priyut komedianta” teatrı (Rusiya); “Kukla evi” teatrı (Rusiya); Yeni Riqa Teatrı (Latviya); Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya); Devid Espinoza Kukla Teatrı (İspaniya); “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya); “WHS” Teatrı (Finlandiya); “Kibbutz” Müasir Rəqs Şirkəti (İsrail); “Sardegna” Teatrı (İtaliya); “Atelye” Teatrı (Rusiya); “Puppet Cinema” kollektivi (İsrail); “Recirquel” Şirkəti (Macarıstan)
***
7 teatr səhnəsi:
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı; Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı; ÜNS Yaradıcılıq Səhnəsi; YARAT Müasir İncəsənət Mərkəzi; Azərbaycan Dövlət Kukla teatrı; Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı; Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyası
***
Festivalın təşkilatçısı: YARAT Müasir İncəsənət Məkanı
Festivalın Sponsoru: Bakcell şirkəti
Festivala media dəstəyi: LIDER TV
Onlayn bilet satışı: iTICKETS.az
Biletləri şəhərin bütün kassalarından və Asan xidmət mərkəzlərindən əldə etmək olar
***
Festival haqqında məlumat:
+99455 205 0545, [email protected]
WWW.MAPFESTIVAL.AZ
#mapfestivalbaku