...

Nazir Anar Kərimov Ağdaşda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Mədəniyyət Materials 24 Sentyabr 2022 06:29 (UTC +04:00)
Nazir Anar Kərimov Ağdaşda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Bakı. Trend:

Mədəniyyət naziri Anar Kərimov Ağdaşda bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Anar Kərimov Nazirlik tərəfindən təmiri planlaşdırılan Ağdaş Rayon Mədəniyyət Mərkəzində olub, müəssisənin əsaslı təmir planı barədə ətraflı məlumat alıb. Burada aparılacaq təmir işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra 1986-cı ildən fəaliyyət göstərən Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Nazirə məlumat verilib ki, muzey uzun müddət yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd Ağanın evində fəaliyyət göstərib. 2015-ci ildə yeni binaya köçürülən muzeyin əsas fondunda 6758 eksponat qorunub saxlanılır, 1100-ü daimi nümayiş olunur.

Mədəniyyət naziri Ağdaş şəhərində tanınmış kaman ustası Habil Əliyevin adını daşıyan 1 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olarkən bildirilib ki, musiqi məktəbi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə şəhərin mərkəzində musiqi məktəbinin müasir üslubda inşa edilən yeni binasının rəsmi açılışı olub. Məktəbdə hazırda fortepiano, tar, kamança, qarmon, klarnet və nağara ixtisasları tədris olunur, 460 şagird təhsil alır, 125 müəllim çalışır.

Səfər çərçivəsində 1980-ci ildə yaradılan və 400 minə yaxın kitab fondu olan Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirilib, müəssisənin fəaliyyəti barədə məlumat alınıb. Sonra həmin binada yerləşən Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və ədəbiyyatşünas Maqsud Şeyxzadənin ev-muzeyinə baxış keçirilib. Muzeyin direktoru şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə məlumat verib, bildirib ki, 1991-ci ildə yaradılan muzeydə şairə məxsus 224 eksponat saxlanılır.

Qeyd edək ki, sözügedən kitabxana və muzeyin yerləşdiyi bina 1904-cü ildə İsmayıl bəy Soltanbəyova məxsus olub. Həmçinin yerli əhəmiyyətli tarixi abidə kimi (inv. № 4061) dövlət qeydiyyatına alınıb. Nazir yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd ağanın evini də (inv. № 4060) ziyarət edib. Nazirə məlumat verilib ki, XIX əsrə aid olan yaşayış evi XX əsrin ortalarında hərbi komissarlıq, 1986-2015-ci illərdə tarix-diyarşünaslıq muzeyi, sonra isə Uşaq Gənclər İnkişaf Mərkəzi kimi istifadə olunub.

Anar Kərimov Ağdaşda daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Hacı Bədəl Əfəndi məscidinə (XIX əsr, inv. № 4070) gəlib, məscid binasının cari vəziyyəti ilə tanış olub. Bildirilib ki, binada uzun illər körpələr evi, uşaq bağçası fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti