Bakı. Trend:
Heydər Əliyev Mərkəzində Azərbaycan Vokalciları III Beynəlxalq
Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
Bəşəriyyətin ən parlaq opera bəstəkarlarından olan Cakomo Puççini
165-illəyinə həsr olunmuş gecə "Viva Puççini" adlandırılıb.
Trend xəbər verir ki, təntənəli bağlanış mərasimində baş tutan gecədə Akademik Opera və Balet Teatrının Simfonik orkestri, xoru və solistləri çıxış ediblər.
Konsert xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə xor kollektivinin ifasında "Turandot" operasından səhnə ilə başlayıb.
İtaliyadan dəvət olunmuş Michelangelo Mazzanın dirijorluğu ilə Akademik Opera və Balet Teatrının solistləri - Xalq artistləri Azər Zeynalov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, İnarə Babayeva, Fəridə Məmmədova, Fərid Əliyev, Anton Ferştandt, Azər Zadə, Afaq Abbasova, solistlər Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev və gecənin xüsusi qonağı Darya Ribak Cakomo Puççinin operalarından ariyalar, romanslar səsləndiriblər.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə baş tutan gecənin sonunda "Turandot" operasından bütün solistlər tərəfindən ifa olunan "Nessun dorma" hərarətli alqışlarla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az