Bakı. Trend:
“İƏT Mədəniyyət Festivalı - Bakı Yaradıcı Həftə - 2025” çərçivəsində Yaradıcılıq Sənayelərinə dair Bakı Kommünikesi qəbul edilib.
Trend xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, səfir Tariq əl-Bahitin səsləndirdiyi sənəddə bildirilir ki, 5–11 dekabr tarixlərində Bakıda keçirilən festival mədəniyyətlərarası dialoqun inkişafına, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verib.
Kommünike həmçinin, Azərbaycanın yaradıcılıq sənayelərinin inkişafında və beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsində artan rolunu vurğulayır.
Sənəddə qeyd olunur ki, festivalda 40-dan çox ölkədən 300-dən artıq xarici qonaq iştirak edib. Dövlət qurumları, beynəlxalq təşkilatlar, elmi və mədəni institutların nümayəndələrinin qatıldığı tədbirlərdə ümumilikdə 5000-dən çox insan iştirak edib. Proqram çərçivəsində kino, teatr, moda, dizayn, musiqi, oyun sənayesi və rəqəmsal startaplarla bağlı çoxsaylı sessiyalar təqdim olunub.
Festivalın əsas hadisələri arasında kommunikedə - MYFORUM Mədəniyyət və Yaradıcılıq Sənayeləri Forumu , MYEXPO — Creative Village sərgisini, Baku Cinema Breeze 2025 beynəlxalq kinoproqramı , Eastern Fashion Show və G HUB — Beynəlxalq Oyun Texnologiyaları Sammiti xüsusi vurğulanır. Bildirilir ki, bu platformalar ölkələr arasında bilik mübadiləsi, tərəfdaşlıqların qurulması və yaradıcı əməkdaşlığın genişləndirilməsi üçün vacib imkanlar yaradır.
Sənəddə festival iştirakçılarının yaradıcılıq sənayelərini iqtisadi şaxələndirmə və dayanıqlı inkişaf üçün mühüm alət kimi qiymətləndirdikləri vurğulanır. Bu kontekstdə İƏT üzv dövlətləri arasında rəqəmsal innovasiyalar, sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyaların məsuliyyətli tətbiqi sahələrində əməkdaşlığın gücləndirilməsinə çağırış edilir. Həmçinin birgə proqramlar, institusional tərəfdaşlıqlar və dövlət-özəl sektor əməkdaşlığı daxil olmaqla innovativ maliyyə mexanizmlərinin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılır.
Kommünikedə festivalın təşkilatçılığı ilə bağlı Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə edilir. Xüsusi olaraq Prezident İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafında, İslam həmrəyliyinin möhkəmləndirilməsində və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyi qeyd olunur.
Sonda sənəddə qeyd olunur ki, “İƏT Mədəniyyət Festivalı- Bakı Yaradıcı Həftə 20252 yaradıcılıq sənayeləri sahəsində İƏT üzv ölkələr arasında əməkdaşlıqda yeni bir səhifə açıb.
