Bakı. İlhamə İsabalayeva - Trend:
Son 5 ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib.
O qeyd edib ki, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır".
A.Əlizadə bu parkın yaradılmasının AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklər etdiyini vurğulayıb:
"Akademiya tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb. Yeni yağ növlərinin, robotlaşdırılmış yerüstü, hava və sualtı idarə edilən qurğuların və digər yeni texnologiyaların bazara çıxarılması reallaşıb".