...

Millət vəkili: Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir

Gündəm Materials 26 İyun 2018 16:25 (UTC +04:00)
Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir.
Millət vəkili: Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilib, öz hərbi potensialına görə dünya ölkələri içərisində 50-ci yerdə qərarlaşıb. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir.

Millət vəkili Azərbaycan Ordusunun keçdiyi tarixi yola nəzər salıb: "1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu. C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarının hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin milli ordumuzun formalaşmasında müstəsna rolu olub. Bu məktəblərin məzunları Birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstəriblər".

R.Əliyev deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olub: "Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməli oldu. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur".

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti