...

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib (FOTO)

Gündəm Materials 31 İyul 2018 13:11 (UTC +04:00)
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, AMEA-nın nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fondun icraçı direktoru Mehman İsmayılov mövzunun əhəmiyyətindən danışıb. M.İsmayılov vurğulayıb ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsini aparmaq, mütəxəssislərin məruzələrini dinləməkdir.

O qeyd edib ki, Fond Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində tədbirlər həyata keçirir, həmçinin dilçi mütəxəssislərin məruzəsindən ibarət kitab nəşr etdirməyi nəzərdə tutur.

Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib, bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərib.

B.Quliyev Ümummilli Liderin 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı imzaladığı sərəncamını bunun bariz nümunəsi adlandırıb.

B.Quliyev vurğulayıb ki, dil bütün dövrlərdə aktualdır, dilin yaşaması, gələcək nəsillərə olduğu kimi ötürülməsi istiqamətində görülən işlər daim aktualdır: “Hər bir xalqın dili onun milli kimliyidir və biz dilimizin yaşaması üçün üzərimizə düşən vəzifəsini yerinə yetirməliyik. Azərbaycan dilinin tarixi Səfəvilər dövrünə gedib çıxır. Dilimiz, mənəvi dəyərlərimiz daim dövlətin diqqət mərkəzindədir. Dilimizin müxtəlif dövrlərdə dövlət dili olması istiqamətində mübarizə aparılıb və nəhayət ulu öndər Heydər Əliyevin əməyi sayəsində Sovet dövründə buna nail olundu və Azərbaycan dili dövlət dili kimi istifadə olunmağa başladı. Prezident İlham Əliyev dilin qorunması və inkişafı ilə bağlı dövlət proqramlarını təsdiq edib. Mənəvi Dəyərlərin Təbliği Fondu dilimizin qorunması və inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirəcək”.

B.Quliyev vurğulayıb ki, bu gün sosial şəbəkələrdə müxtəlif dövlətlərin diversantları anti-milli mövqe ortaya qoyaraq Azərbaycan əleyhinə kampaniya aparırlar, bizim mənəvi dəyərlərə qarşı müxtəlif formada terror edirlər: “Bunun qarşısını almaq üçün biz fəal olmalıyıq, cəmiyyət fəal olmalıdır, Azərbaycanın tolerant ölkə kimi təbliği daim gündəmdə olmalıdır. Eyni zamanda Azərbaycan multikultural bir ölkədir, hər bir xalqın dininə, dilinə, mənəvi dəyərlərinə hömətlə yanaşır”.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda mühüm mənəvi dəyərdir. O qeyd edib ki, xalqın formalaşmasında dilin vacib əhəmiyyəti var: “İnsan yeganə varlıqdır ki, dil ünsiyyətindən istifadə edərək bu qədər inkişaf səviyyəsinə gəlib çatıb. Azərbaycan dili çox zəngin dildir, dilimizə zaman-zaman ciddi təzyiqlər olub və dilimiz tarixin mürəkkəb mərhələlərindən keçərək bu günə qədər özünü qoruyub saxlayıb. Bəzi dillər tarixin çətinliklərindən keçə bilməyərək itib. Ulu öndər Heydər Əliyev Sovet dövründə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasına nail oldu və dilimizi təzyiqlərdən qurtardı. Bu gün dilimizin qorunması və inkişafı istiqamətində dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. Hər kəs dilimizin qorunması istiqamətində fəal olmalıdır”.

Tədbirdə çıxış edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, dil mədəniyyətdir, dil məhv olarsa, hər şey məhv olar.

E.Mirzəbəyli KİV-də dil məsələsinə toxunub. O qeyd edib ki, bu gün yaranan informasiya resurslarının böyük əksəriyyətində medianın ənənəvi institutları yoxdur, ənənəvi media mexanizmləri aradan çıxıb, ancaq ənənəvi mediada bu mexanizmlər mövcuddur və bu media qurumlarında kifayət qədər peşəkarlar çalışır.

E.Mirzəbəyli qeyd edib ki, müasir informasiya və kommunikasiya texnologiyaların inkişaf etdiyi bir dövrdə yeni terminlərin meydana gəlməsi müəyyən çətinliklər yaradır: “Yeni texnologiyaların, internet dövrünün inkişaf etdiyi bir zamanda biz də çevik olmalıyıq. Əgər biz proseslərdən geri qalsaq, o zaman dilimizi təzyiqlərdən qoruya bilməyəcəyik. Müasir gənclik informasiyanı internet üzərindən alır, ona görə də bu məsələlərə diqqət yetirməliyik”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, dil mövzusunda müzakirələr çox aktualdır, dil millətin varlığını təsdiq edən vacib amildir: “Dilimizin qorunub saxlanması və gələcək nəslə çatdırılmasında hər birimizin üzərinə böyük vəzifə düşür. Yeni elektron mediada, o cümldən televiziya və radioda müəyyən dil qüsurlarına rast gəlinir. Tərcümə olunan ədəbiyyatlarda da dil qüsurlarına rast gəlinir. Bakıda əhalinin çoxu əcnəbi dillərdə danışır. Milli dili yaşatmaq lazımdır. Dövlət nə lazımdırsa edir, ancaq cəmiyyətin fəallaşması da vacibdir. Digər dilləri bilmək də vacibdir, ancaq təəssüflər olsun ki, bəzilərimiz evdə də əcnəbi dildə danışırıq”.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin “Qloballaşma dövründə Dilimizin saflığının qorunması məsələsi”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Afaq Rüstəmovanın “Dil və siyasət: qarşılıqlı əlaqə məsələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun “Çoxdillilik və multikulturalizm”, AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədovun “Din ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzularında məruzələri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti