Bakı. Samir Əli - Trend:
Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Qabil Həmzə oğlu Əliyev nazirliyin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin elmi fəaliyyətlə də məşğul olmuşdur. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.
2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılmış, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənmişdir.
Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunub.
Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.