...

Paytaxtda mövsümü ağacəkmələr aparılır (FOTO)

Gündəm Materials 29 Dekabr 2020 14:36 (UTC +04:00)
Paytaxtda mövsümü ağacəkmələr aparılır (FOTO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mövsümlə əlaqədar Bakı şəhərinin müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə verilən məlumata əsasən görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən hazırlanmış şəhərin yeni yaşıllıq planı əsasında görülür.

Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Gün ərzində Birliyin əməkdaşları tərəfindən paytaxtakı “Atatürk parkı”nda keçən əsrdə əkilmiş və hazırda ömrünü başa vurmuş qovaq ağacları çıxarılaraq yerinə Bakı şəhərinin iqliminə uyğun yeni ağaclar əkilməsi həyata keçirilib. Həmçinin Mərdəkan qəsəbəsinin mərkəzindəki Yesenin küçəsində magistral yol kənarındakı artıq ömrünü başa vurmuş ağacların yerində də yeni ağaclar əkilib, bu ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilib. Həmçinin yol kənarlarındakı ağacların qurumuş budaqları budanır.

Qeyd olundu ki, bu mövsümün əvvəlindən etibarən təkcə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif rayonlarında 30 mindən artıq yeni ağac, 50 mindən çox dekorativ gül kolları əkilib, 4 yerdə meşə tipli yaşıllıq massivi salınıb.

Bu işlərlə yanaşı mərkəzdəki Üzeyir Hacıbəyov, 28 May, Zərifə Əliyeva, Rəşid Behbudov və s. küçələrdə movcud ağacların dibində müxtəlif rəngli dekorativ qızıl gül və sarmaşıqlar əkilir, yol kənarlarında güllərdən müxtəlif kompozisiyalar qurulur ki, bu da gələcəkdə həmin ərazilərə xüsusi yaraşıq verəcəkdir.

Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə şəhərin bütün rayonlarında həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına imkan verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti