...

Salyanda beş kəndin yolunda təmir yekunlaşır (FOTO)

Gündəm Materials 9 İyul 2021 10:25 (UTC +04:00)
Salyanda beş kəndin yolunda təmir yekunlaşır (FOTO)

Bakı. Samir Əli - Trend:

Salyan rayonunda beş yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrasına son mərhələ üzrə davam etdirilir. Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15.3 km təşkil edir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.

Yolun eni 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxil olmaqla 10 metrə qədər genişləndirilib. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Daha sonra tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılıb.

Ardıcıl olaraq yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə başlanılıb. Artıq yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsi olaraq km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni borular tikilib. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 278 paqon-metr uzunluğunda 28 yeni metal və dəmir-beton suötürücü borular quraşdırılıb.

Görüləcək işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq. Ümumilikdə 6 mindən çox vətəndaşın sosial rifah halına müsbət təsir göstərəcək yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yaxın müddətdə yekunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti