...

Şəkidə “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Gündəm Materials 23 İyul 2021 15:44 (UTC +04:00)
Şəkidə “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və “Əsgərə xatirə kitabı” ictimai birliyinin təşkilatçılığı ilə Şəki şəhərində “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzinə toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və ictimaiyyət nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Din xadimi Hacı Kamran dünya müsəlmanlarının müqəddəs Qurban bayramının bəşəri əhəmiyyətindən, bu bayramın respublikamızda da yüksək səviyyədə qeyd olunmaqla Allaha sevgi, onun qüdrətinə inam və iman, insanlar arasında birlik, həmrəylik, xeyirxahlıq aşılamasından danışıb. Şəhidlərin ruhuna dualar oxunub, qazilərə şəfa, ölkəmizin müdafiəsində bu gün də mərdliklə dayanan igid əsgərlərimizə xidmətlərində müvəffəqiyyətlər, xalqımıza daha firavan həyat, sülh, əmin-amanlıq arzulanıb.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, Vətənimizin daha xoşbəxt gələcəyi naminə hər kəsin öz xidmət sahəsində bundan sonra da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.
Qeyd olunub ki, əlamətdar və tarixi günlərdə, eləcə də mübarək Ramazan və Qurban bayramlarında ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə tədbirlər təşkil edilir. İlk növbədə, müasir müstəqil dövlətimizin qurucusu unudulmaz Heydər Əliyevin, şəhidlərimizin məzarları ziyarət olunur, şəhid ailələrinə və yaralılara baş çəkilir, Vətən müdafiəçiləri də heç vaxt diqqətdən yayınmır.

Tədbirdə nəzərə çatdırılıb ki, bu gün ölkəmizdə artıq ordu ilə xalqın daha sağlam mənəvi birliyi yaranıb və bu birlik, həmrəylik qırx dörd günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapdı. Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarının azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla hər bir Azərbaycan vətəndaşının, hər bir hərbi qulluqçunun böyük xidmətləri vardır. Vətən isə bu xidmətləri heç vaxt unutmur. İlk növbədə hərbi əməliyyatlar zamanı qanları ilə qalibiyyət dastanı yazan, əbədiyyət zirvəsinə ucalan şəhidlərimizə, onları boya-başa çatdıran ata-analarımıza minnətdarıq, onlara borcluyuq.

A.Qurbani bildirib ki, Vətən müharibəsi cəbhələrində respublikamızın bütün bölgələrindən olan igidlərlə yanaşı, Şəki rayonundan pərvazlanan oğullar da əsil qəhrəmanlıq, şücaət nümunələri göstəriblər. Şəhidlik - əbədiyyət zirvəsini fəth edərək xalqımıza böyük Qələbənin sevincini yaşadan şəkili əsgər və zabitlərdən Elşən İbrahimov, Mərdan Mehdizadə, Xəyal Məmmədov, Bakıxan Səlimli, İbrahim Məmmədov, Ətraf Qənimətov, Kənan İsrafilov, Röyal Xasıyev, Fərid İzzətli və neçə-neçə qəhrəman döyüşçümüz bu gözəl diyarda dünyaya gəlib, Vətənə layiqli övladlar kimi tərbiyə olunaraq boya-başa çatıblar. Qəhrəmanlıq isə qəhrəmanla ölmür, onun ömrü uzundur. Bu gün Azərbaycan Ordusunda şəhidlərimizin minlərlə, on minlərlə davamçıları var və onlar Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı “Qələbəyə gedən yollar” klipi nümayiş etdirilib və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Müdafiə Nazirliyin əməkdaşı polkovnik-leytenant Namiq Cavadov deyib: “Vətən müharibəsində olduğu kimi, müharibədən sonra da ictimaiyyətlə əlaqələrimiz daha da möhkəmlənib. Ordumuza göstərdikləri dəstəyə görə onlara bir daha minnətdarlığımızı bildiririk. Qeyri-hökumət təkilatlarından biri də xalqımızın vətənpərvər qızı Nuranə Şıxaliyevanın rəhbərlik etdiyi “Əsgərə xatirə kitabı” layihəsi ilə fəaliyyətə başlayan və beş ildən çoxdur ki, Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində səylərini əsirgəməyən ictimai birlikdir. Məhz bugünkü tədbir də bilavasitə onların maddi və mənəvi dəstəyi ilə reallaşıb”.
Şəki şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Tural Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Şəki rayonundan olan Vətən müharibəsi şəhidlərinin hər birinin döyüş yoluna nəzər salınıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunələrinə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə onların ölümlərindən sonra dövlətimizin başçısının sərəncamları ilə yüksək qiymətləndirilərək döyüş orden və medalları ilə təltif olunduqları vurğulanıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşı Turxan Müseyibov şəkili gənclərin bu gün də müddətli həqiqi hərbi xidmətə böyük həvəslə getdiklərini, valideynlərin öz övladlarını qürur hissi ilə əsgərliyə yola saldıqlarını, peşə seçimində gənclərin hərbi peşələrə daha çox üstünlük verdiklərini qeyd edib.

“Əsgərə xatirə kitabı” layihəsi idarə heyətinin fəxri üzvü Əliş Hüseynov çıxış edərək bundan sonra da xeyriyyəçilik ənənələrinə sadiq qalacaqlarını bildirib.
Şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin ilk nəşri olan Birinci kitabın nüsxələri hədiyyə edilib.
Şəhid Elşən İbrahimovun anası Xatirə xanım, şəhid Tapdıq Qurbanəliyevin həyat yoldaşı Natəvan xanım və başqaları çıxış edərək şəhidlərə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.
İstedadlı gənc ifaçılardan olan Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamı tədbir iştirakçılarını xəyalən işğaldan azad olunmuş Vətən torpaqlarına, mədəniyyətimizin, ruhumuzun mərkəzi Şuşaya aparıb. Şəhid valideynləri övladlarının qanının yerdə qalmamasından, eyni zamanda, şəhidlərimizin intiqamının döyüş meydanında alınmasından, tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpa olunmasından, düşmənin torpaqlarımızdan qovulmasından təsəlli tapdıqlarını dilə gətiriblər.
Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Vəfa Zeynalovanın bədii qiraət etdiyi Süleyman Rüstəmin bu gün də aktual olan “Ana və poçtalyon” şeiri alqışlarla qarşılanıb.

Beynəlxalq yaradıcılıq festivallarının iştirakçısı Nuray Rəhmanqızının şəhid övladlarının əhatəsində məharətlə ifa etdiyi “Şəhid qızıyam” mahnısı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Sonda xatirə şəkli çəkilib, şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti