...

"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid

Gündəm Materials 7 Dekabr 2021 18:20 (UTC +04:00)
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında olarkən vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ilk olaraq ölkənin müxtəlif bölgələrində "Azərxalça" ASC-nin tikinti işlərinə nəzarət edən Qurban Babazadə ifadə verib.

O bildirib ki, işlədiyi müddət ərzində aparılan tikintilər zamanı qiymətlərin şişirdilməsi ilə bağlı Vidadi Muradov tərəfindən podratçı şirkətə tapşırıqlar verildiyini görməyib.
"Bununla bağlı mən nə isə deyə bilmərəm, belə halın olduğu barəsində də məlumatım yoxdur. Mən ancaq rayonlarda aparılan tikintilərlə məşğul olmuşam. Verilən smetada da hər hansı çatışmazlıq olmayıb", - deyə şahid bildirib.

Dövlət ittihamçısı Qurban Babayevin indiki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olduğunu bildirib: "Burada başqa şey deyirsiniz, amma istintaqda başqa sözlər demisiniz. Necə olur bu? Elə "Azərxalça" ASC-nin Quba rayonunda yerləşən xalça istehsalı zavodunda 410 min 661 manat mənimsəmə olub".

Daha sonra prosesdə ifadə verən şahid, "Azərxalça" ASC-də baş mühasib işləmiş Mirseymur Qasımov bildirib ki, o, yalnız mühasibat işləri ilə məşğul olub, satınalma işlərinə isə Emin Xanlarov nəzarət edib.

Qurumda mühasib işləyən digər şahid isə ifadəsində "Azərxalça" ASC-nin 640 min vergi borcu olduğunu deyib.

Proses dekabrın 14-də davam etdiriləcək.

Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti