...

Yasamalda bu binaların sakinlərindən vergi yığılır - SƏBƏB (FOTO)

Gündəm Materials 21 Fevral 2022 12:48 (UTC +04:00)
Yasamalda bu binaların sakinlərindən vergi yığılır - SƏBƏB (FOTO)

Bakı. Asif Mehman - Trend:

Yasamal Bələdiyyəsi tərəfindən rayon ərazisində yerləşən yeni tikili binaların sakinlərinə bildiriş göndərilərək ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu bildirilir. Bildirişdə həmçinin qeyd olunub ki, vətəndaş əmlakın müvafiq sənədlərini Yasamal Bələdiyyəsinə təqdim edib, yerli vergi ödəyicisi olaraq uçota düşməlidir.

Yasamal Bələdiyyəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bildirişlər əmlak vergisi ilə bağlı qanunvericiliyə uyğun olaraq göndərilir.

Trend xəbər verir ki, əmlak vergisi ilə bağlı qanunvericilikdə qeyd olunub ki, fiziki şəxslərdən mülkiyyətində olan mənzilə görə əmlak vergisi yaşayış sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Bu hesablama həmin əraziyə nəzarət edən bələdiyyə tərəfindən həyata keçirilir.

Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.

Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.

Fiziki şəxsin hər bir əmlakı yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

Bakı üzrə isə bu vergi hər kvadratmetr üçün 40 qəpikdir. Əgər həmin əmlak yaşayış sahəsidirsə bu sahənin 30 kvadratmetri vergidən azad edilir.

Yəni əgər mənziliniz 100 kvadratmetrdirsə, ödəniş bu qayda da hesablanır.

(100-30)x0,4= 28 manat

Bu vergi isə ildə bir dəfə olmaqla toplanılır. Digər ərazilər üzrə əmlak vergisi isə aşağıdakı kimidir:

Yaşayış məntəqələri

Vergi miqdarı(hər kvadratmetr üçün manatla)

Bakı

0.4

Gəncə, Sumqayıt və Abşeron rayonu

0.3

Digər şəhərlər(rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0.2

Rayon tabeliyində olan şəhərlərdə və kəndlərdə(Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0.1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti