...

Kölndə Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu işə başlayıb (FOTO)

Gündəm Materials 5 Mart 2022 16:54 (UTC +04:00)
Kölndə Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu işə başlayıb (FOTO)

Bakı. Trend:

Martın 5-də Köln şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu işə başlayıb.

Trend xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən çox elm xadimi və həkim iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi dövründə həlak olan həkimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumu giriş sözü ilə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev açıb. Bildirib ki, forumu keçirməkdə əsas məqsədlərdən biri artıq illərdir Almaniyanın tibb ocaqlarında çalışan, müəyyən formada nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimləri və bu yola başlayan gənc həmkarlarımızı bir araya gətirmək, onlar arasında Almaniyada nümunəvi şəbəkələşməni yaratmaq və həmçinin elmi-praktik mübadilə aparmaqdır. Qeyd edib ki, forumun təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclənən dövlətimizin xaricdə təhsil alan və işləyən azərbaycan həkimlərinə olan xüsusi diqqət və qayğısının nəticəsidir. Dövlət başçısının bu qayğısının Almaniyadakı həkimlərə çatdırılması istiqamətindəki fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq bildirilib.

Foruma videobağlantı vasitəsilə qatılan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkədə ilk dəfə təşkil edilən forum iştirakçılarını salamlayıb və tədbirin işinə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı ilə DİDK mühüm layihələr həyata keçirirır. Bu layihələr Azərbaycan diasporunun təşkilatlanmasına, mütəşəkkil şəkildə fəaliyyət göstərməsinə çox ciddi şəkildə təsir edir. Komitə sədri layihələrin uğurlu nəticələrindən danışarkən Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin fəaliyyətinə xüsusi diqqət çəkib. DİDK sədri elmi nailiyyətləri ilə Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı həkimlərin diaspor quruculuğuna qoşulmalarının lobbiçilik fəaliyyətinə və Azərbaycan səhiyyəsinə böyük töhfə verəcəyini nəzərə çatdırıb.

Səfir Ramin Həsənov bildirib ki, Almaniyadakı diasporumuzın sıralarında özünəməxsus yer tutan həkim soydaşlarımız yerli cəmiyyətə sıx şəkildə inteqrasiya edərək, Almaniyada xüsusi hörmət sahibinə çevriliblər. Köln şəhər meri ilə görüşü zamanı Azərbaycan diasporunun fəaliyyəti barədə xoş fikirlər eşitdiyini buna bariz nümunə kimi göstərən diplomat bu ictimai rəydən məmnunluq duyduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sağlamlığının qorunmasına böyük əhəmiyyət verir, bu baxımdan Almaniyadakı azərbaycanlı həkimlərin təcrübəsindən istifadə olunmasına çox böyük ehtiyac var. Gənc azərbaycanlı həkimlərin Almaniyada təhsil alması və təcrübə keçməsi iki ölkənin səhiyyə sistemi arasındakı əməkdaşlığa ciddi töhfədir.

Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov və ADDF icracı direktoru Əkrəm Abdullayev də çıxışlarında Almaniyadakı azərbaycanlı həkimlərin fəaliyyətini və Azərbaycan diasporuna verdikləri töhfələri yüksək qiymətləndirdiklərini söyləyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya və istehsalatın təşkili departamentinin keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadur Rzayev “Azərbaycanda əlilliyi olan şəxslər üçün reabilitasiya xidmətlərinin təşkili”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov “Azərbaycan səhiyyəsinin inkisafinda icbari tibbi sığortanın rolu”, Oberstein xəstəxanasının kardiologiya klinikasının direktoru, professor Natiq Həsənov “Almaniyada Kardiologiyanın təşkili və müasir müalicə metodları”, Essen Universitet Klinkasının şöbə müdiri, professor Ramazan Cabbarlı “Beyin anevrizmaların müalicəsi” mövzularında məruzələrlə çıxış etdikdən sonra forumda Almaniyada çalışan elm adamlarının fəaliyyətinə aydınlıq gətirən təqdimatlar olubmvə elmi nailiyyətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti