Bakı. Trend:
300 min tondan çox ərzaq daşıyan doqquz gəmi Birgə Koordinasiya Mərkəzindən icazə alaraq Ukrayna limanlarını tərk edib.
Trend-in məlumatına börə, bu barədə BMT-dən bildirilib.
"Koordinasiya Mərkəzi məlumat verir ki, doqquz gəmi Ukrayna limanlarını tərk edib, onlar Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 344 643 ton taxıl və digər kənd təsərrüfatı məhsullarını daşıyırlar", - deyə qeyd olunub.
"Maran Excellence" (66 min ton arpa, 32,6 min ton buğda, 16 min ton qarğıdalı) və "Chios Sunrise" (42,6 min ton qarğıdalı və 11 min ton buğda) quru yük gəmiləri İspaniyaya, "Sara" (8 min ton soya) və "Nimet Torlak" (17 325 ton buğda) gəmiləri Türkiyəyə yola düşüb.
“Nazenin” gəmisi Fransaya 30,350 ton raps, “Peace M” gəmisi Rumıniyaya 24,718 ton qarğıdalı, “Lider M” gəmisi Bolqarıstana 8,8 min ton günəbaxan qabığı qranulları tədarük edəcək.
Bundan əlavə, “Irene Madias” quru yük gəmisi Koreya Respublikasına 60 min ton qarğıdalı, “Nord Vind” gəmisi Tunisə 27 min 250 ton buğda aparır.
"Sentyabrın 27-nə olan məlumata görə, Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 5 250 578 ton təşkil edir", - deyə bildirilib.