...

Ağdam həm sənaye, həm də nəqliyyat qovşağına çevrilir – Komitə sədri

Gündəm Materials 5 Oktyabr 2022 12:12 (UTC +04:00)
Ağdam həm sənaye, həm də nəqliyyat qovşağına çevrilir – Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna, daha dəqiq desək, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə səfər ediblər. Əlbəttə bu səfər birinci səfər deyil və Ağdama Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfələrlə səfər ediblər. Bu növbəti səfər 29 may 2021-ci ildə Prezident İlham Əliyevin Ağdam şəhərinə səfərinin və bu səfər zamanı Ağdamın yenidə qurulmasının geniş planının ictimaiyyət nümayəndələri ilə müzakirə edərək təsdiq etməsinin məntiqi davamıdır.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, məlumdur ki, Ermənistan kapitulyasıya aktını imzalayandan sonra Ağdamın işğalı altında olan ərazilərindən işğalçı ordusunu qeyd-şərtsiz çıxardı və ordumuzun hərbi birləşməsi həmin əraziləri dərhal nəzarətə götürdü.

“Azərbaycan Respublikası öz gücünə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Vətən müharibəsində Zəfər çalaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi, amma icra etmədiyi dörd Qətnaməni icra edərək Qarabağ problemini həll etdi və ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Prezident İlham Əliyev Ağdam şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldı. Eyni zamanda azad edilmiş ərazilərin yenidən qurulması üçün tapşırıqlar verdi. Ağdama beynəlxalq standartlara cavab verən avtomobil və dəmir yolunun, elektrik yarımstansiyalarının tikintisinə başlanıldı.

Xüsusilə qeyd etməliyəm ki, cənab İlham Əliyev 2008-ci ildə ikinci dəfə Azərbaycan Respublikasının Prezident seçiləndən sonra ölkə daxilində ilk səfəri birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam rayonuna oldu və bu səfər zamanı Quzanlı qəsəbəsində Ağdam Olimpiya İdman Kompleksinin açılışını etdi. Açılış nitqində cənab Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik və heç bir qüvvə bizə mane ola bilməz. Azad edilmiş şəhər və kəndlərimizi ən müasir tələblərə uyğun yenidən quracağıq və indikindən möhtəşəm Olimpiya İdman Kompleksləri tikəcəyik.

Bəli, cənab Prezident İlham Əliyev sözü ilə əməli vəhdətdə olan müasir dövrün ən görkəmli siyasi lideridir. Xalqımızın xoşbəxt gələcəyi, firavanlığı, təhlükəsizliyi və müstəqilliyimizin möhkəmləndirilməsi üçün aydın, mili maraqlara əsaslanan siyasətini Prezident İlham Əliyev xalqın tam dəstəyi ilə uğurla gerçəkləşdirir.

Ağdamın yenidən qurulması da bu siyasətin bariz nümunəsidir. Hələ 28 may 2021-ci ildə Prezident İlham Əliyev Ağdam şəhərində bir çox obyektlərin tikintisinin təməlini qoymuşdu. Ağdamda 1 saylı orta məktəbin tikintisi, yaşayış massivinin salınması, sənaye məhəlləsinin tikintisi sürətlə davam edir. İki böyük regional əhəmiyyətə malik elektrik yarımstansiyasının tikintisi başa çatdırılmış, avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir”, - deyə B.Əliyev bildirib.

Komitə sədri vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Ağdam Cümə Məscidinin və XVIII əsr tarix-memarlıq abidəsi olan İmarət Kompleksinin bərpası işləri tamamlanmaq üzrədir.

“Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı da çox əlamətdar tarixi hadisədir. Bu, eyni zamanda erməni vəhşiliyinə və onlara havadarlıq edən bəzi beynəlxalq təşkilatlardakı, o cümlədən YUNESKO-dakı bəzi ermənipərəstlərə bir cavabdır. Azərbaycan xalqı qədim mədəniyyətə, dövlətçilik ənənələrinə malik xalqdır. Buna qısqanclıqla yanaşmaqdan bəzi qüvvələr əl çəkməlidir.

Bu il oktyabrın 4-də isə Ağdam səfəri zamanı Prezident İlham Əliyev keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində yeni yaşayış məhəlləsinin təməlini qoydu.

Eyni zamanda Xıdırlı kəndinin, Kəngərli kəndinin və Sarıcalı kəndlərinin təməllərini qoyulması həyata keçirildi. Bu kəndlər “ağıllı kənd” konsepsiyasına uyğun tikilərək kənd sakinlərinin istifadəsinə veriləcək. Həmçinin kənd sakinlərinin işlə təmin edilməsi də öz həllini tapacaqdır.

Ağdam həm sənaye, həm də nəqliyyat qovşağına çevrilir. Ona görə də cənab Prezident Ağdam şəhərində əvvəlkindən böyük yeni Dəmir yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulmasını gerçəkləşdirdi”, - deyə B.Əliyev bildirib.

O qeyd edib ki, yaxşı məlumdur ki, Ağdamda dünyada məşhur olan Qarabağ atları saxlanılırdı.

“Qarabağ atlarının nəslinin artırılması daima dövlət başçısının diqqətində olub və bunun üçün də Prezident Fondundan ayrılan vəsait hesabına müəyyən layihələr də həyata keçirilmişdi. Amma Ağdama budəfəki səfəri zamanı Ağdamda müasir Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyuldu. Bu mühüm hadisədir həm də ona görə ki, bütün dünyaya Qarabağın əsil sahiblərinin məhz azərbaycanlılar olduğu və bu torpaqların çiçəklənməsi, insanların xoşbəxt yaşaması üçün işlərin də yurd sahibləri edə bilər həqiqətini dünya ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Erməni vandalları 10 min kvadrat kilometr ərazidə hər şeyi vəhşicəsinə talan etdilər, talan edə bilmədiklərini isə yer üzündən sildilər, şəhərləri, kəndləri, abidələri, qəbiristanlıqları viran qoydular. Çünki bütün bunlar onlara məxsus deyildi və ermənilər mağara təfəkkürünə malik bir qəbilə davranışını bütün dünyaya nümayiş etdirməkdən çəkinmədilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna növbəti səfərləri bir daha göstərdi ki, Qarabağ da, Şərqi Zəngəzur da tezliklə cənnətə çevriləcək və bu ata-baba yurdlarımızda biz əsil sahiblər əbədi və xoşbəxt yaşayacağıq.

Ağdamlı keçmiş məcburi köçkünlər və şəxsən öz adımdan cənab Prezident İlham Əliyevə və Birinci xanım Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir və həyata keçirdikləri siyasəti tam dəstəkləyir və fəaliyyətlərində onlara uğurlar arzulayırıq. Qarabağ Azərbaycandır!”, - deyə komitə sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti