...

Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik

Gündəm Materials 24 Aprel 2023 09:16 (UTC +04:00)
Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik

Bakı. Trend:

Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80 yaşı tamam olur. Sədyar Rza oğlu Abbasov 1943-cü ilin aprel ayının 24-də Dəvəçi şəhərində dünyaya göz açıb. 1950-1960-cı illərdə hazırkı Şabran şəhər 4 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. 1966-1969-cu illərdə elektron cihazlar üzrə mütəxəssis kimi Şamaxı Astrofizika Rəsədxanasında baş mühəndis kimi çalışıb.

1969-cu ildə Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunan S.Abbasov ömrünün 32 ilini təhlükəsizlik orqanlarında həsr edib. Bildiyimiz kimi Ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı dövrdən etibarən Azərbaycan DTK-sı ittifaq respublikalarının müvafiq qurumları arasında milli kadrlardan formalaşdırılan ən professional orqana çevrilmişdi. Məhz Heydər Əliyevin səyi nəticəsində ölkənin ən mötəbər qurumlarından olan dövlət təhlükəsizliyi orqanlarına yalnız hərtərəfli sınaq və yoxlamalardan keçən yüksək hazırlıq səviyyəsinə, möhkəm xarakterə, mətin iradəyə və digər ciddi keyfiyyətlərə malik milli düşüncəli insanlar işə götürülürdü. S.Abbasov da həmin dövrlərdə xidmətə qəbul olunan milli kadrlardandır.

DTK-nın Minskdəki Ali Kurslarını bitirdikdən sonra 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının DTK-da əməliyyat müvəkkili təyin olunur. İşə başladığı ilk dövrdə təhkim olunduğu mayor Rəsul Şükürzadə Naxçıvan DTK-nin arxivində mövcud olan əməliyyat işləri, xüsusən də, vaxtilə həmin strukturda işləmiş Heydər Əliyevin hazırladığı sənədlərlə onu tanış edir. Yeni işə başlayan əməkdaş üçün ilk gündən Heydər Əliyevin təcrübəsini öyrənmək onun peşəkar əməliyyatçı kimi yetişməsində mühüm rol oynayır. Eyni zamanda gənc leytenant vaxtilə Naxçıvan DTK-da işləmiş və Heydər Əliyevin yaxın silahdaşları olmuş Bahadur Hüseynov və Abbas Zamanovdan əks-kəşfiyyat işinin incəliklərini öyrənir.

Sonralar 1973-1976-cı illərdə Cəlilabad, 1976-1984-cü illərdə Xaçmaz rayon şöbələrində əməliyyat və baş əməliyyat müvəkkili kimi çalışmış, 1984-cü ildən xidmətini DTK-nın mərkəzi aparatında davam etdirmişdir. Mərkəzi aparatın 5-ci şöbəsində işlədiyi dövrdə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin və ideoloji təxribatlarının qarşısının alınmasında xidmətlər göstərib.

Həmin dövrdə daxil olmuş məlumata əsasən şəxsiyyəti naməlum Bakı sakini İran İslam Respublikasının Bakıdakı konsuluna zəng edərək, onu “Təzə Pir” məscidində namaz qıldığını gördüyünü lakin ona yaxınlaşmaq imkanın olmadığını bildirib. Rəhbərliyin göstərişi ilə şəxsin müəyyənləşdirilməsi və ətrafında tədbirlərin həyati keçirilməsi tələb olunub. Keçirilən əməliyyat texniki tədbirlərdən sonra həmin şəxsin həyat yoldaşının vəfat etməsi barədə məlumat əldə edilib. Məhz həmin məlumat əsasında araşdırma zamanı onun Bakı kəndlərindən birinin sakini olduğu müəyyən edilib və nəzarətə götürülüb. S.Abbasovun həmin şəxsin ətrafında apardığı əməliyyat-texniki tədbirləri zamanı görüşlərinin birində onda silahların olması barədə İranlı konsula məlumat verdiyi müəyyən edilib. S.Abbasovun keçirdiyi tədbir nəticəsində həmin şəxs könüllü şəkildə 4 ədəd odlu silahı (3 ədəd “Naqan” və 1 ədəd “Korovina” tapançaları) DTK-ya təhvil verilib.

Xidməti fəaliyyətində göstərdiyi nailiyyətlərə görə 1987-ci ildə DTK-nın keçmiş Əzizbəyov (indiki Xəzər) rayon bölməsinə rəis təyin olunub. Daha sonra 1990-cı ildə DTK-nin Xaçmaz rayon şöbəsinə rəis təyin olunan S.Abbasov xidməti fəaliyyətinin ən çətin dövrlərinin birinə qədəm qoyub. Həmin dövrdə “Sadval” təşkilatı şimal bölgəsində aktiv pozuculuq fəaliyyətinə başlamışdı. “Sadval”ın əsas məqsədi əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan iki xalq - azərbaycanlılar və ləzgilər arasında milli zəmində qarşıdurma yaratmaqla şimal zonasında Azərbaycana qarşı ikinci cəbhə açmaq idi. S.Abbasov rəis təyin olunduqdan sonra 1976-1984-cü illərdə Qusar, Quba və Xaçmaz rayonlarında yaratdığı əməliyyat mənbələrindən sözügedən separatçı təşkilatın fəaliyyəti barədə kifayət qədər məlumat əldə edib. Həmin mənbələrdən daxil olan informasiyalar əsasında dəfələrlə “Sadval”ın törətmək istədiyi təxribatların qarşısını alınıb. Belə ki, 1992-ci ildə S.Abbasov tərəfindən əldə olunan əməliyyat məlumatında “Sadval”ın hərbi qanadına mənsub olan Dağıstan Respublikasının Məhərrəmkənd rayonun sakinləri 3-4 minik avtomobili ilə Qusar şəhərinə daxil olaraq silahlı insident törətməklə vətəndaşları qətlə yetirəcəyi, bununla əlaqədar hakimiyyət strukturlarının ittiham edəcəyi və baş verənlərin televiziyada işıqlandırılacağı bildirilib. Lakin Xaçmaz MTN rayon şöbəsi tərəfindən qabacadan hazırlanan əməliyyatı planı əsasında, hüquq mühafizə orqanlarının köməkliyi ilə qanlı təxribatın qarşısı peşəkarlıqla alınıb.

Eyni zamanda həmin ərəfədə Dağıstandan Xaçmazın Yalama kəndinə silah və sursatların gətirilməsi barədə məlumat daxil olub. Keçirilən tədbir zamanı aralarında qəzet redaktoru olan “Sadval” üzvü S.Abbasov ilə apardığı söhbət əsnasında təşkilatın nizamnaməsinin hazırlanmasında erməni milliyyətindən olan şəxslərin köməklik göstərməsi, onların nümayəndələrinin tədbirlərdə iştirak etməsi, “Savdval”ın silahlı dəstəsinin 30 nəfərinin Ermənistanda təlim keçməsi, cəbhə xəttindən Yalama kəndi vasitəsilə Dağıstana silah daşınması və s. barədə faktlar açıqlayıb. Xaçmaz rayon prokuroru tərəfindən dindirildikdən sonra həmin şəxsin verdiyi məlumatlarla bağlı hazırlanan sənəd əsasında “Sadval”ın təşkilat kimi ləğv olunması barədə nota verilib.

Bundan əlavə, S.Abbasovun vətən qarşısındakı ən böyük xidmətlərindən biri şimal sərhədlərinin yaradılmasında yaxından iştirak etməsidir. Bildiyimiz kimi Azərbaycan uzun müddət Rusiyanın tərkibində olduğu üçün sərhəd mühafizəsi mövcud olmayıb. Xaçmaz rayon MTN şöbəsinin rəisi S.Abbasov, Xudat sərhəd dəstəsinin rəisi Elçin Quliyev (DSX-nin rəisi) və yerli sakinlərin birgə səyləri nəticəsində 1992-ci ildə ilk dəfə olaraq Azərbaycan-Rusiya sərhədinə mühafizə məntəqələri təşkil olunub. Həmin proseslərə yaxından köməklik göstərən S.Abbasovun təşəbbüsü ilə hərbçilərin yerləşdirilməsi üçün Xudat şəhərindəki mehmanxana və sərhədin yaxınlığında yerləşən bəzi obyektlər Sərhəd Qoşunlarının istifadəsinə verilib.

MTN-dən təqaüdə çıxdıqdan sonra 1993-cü ilin noyabr ayında polkovnik S.Abbasov yeni formalaşan hərbi polis orqanlarına işə dəvət olunur. Şimal bölgəsinin mürəkkəb əməliyyat şəraitinə yaxından bələd olduğu üçün 6 rayonu əhatə edən (Qusar, Quba, Xaçmaz, Dəvəçi, Siyəzən və Xızı) zona üzrə hərbi polis idarəsinin rəisi təyin olunur. Hərbi polisdə işlədiyi dövrdə də, dövlətin təhlükəsizliyinin qorunması S.Abbasovun xidməti fəaliyyətinin prioritet istiqaməti olmuş və hər zaman özünə doğma hesab etdiyi orqana yaxından köməklik göstərib.

1994-cü ildə S.Abbasov Qusardakı keçmiş əməliyyat mənbəsindən “Sadval” tərəfindən Bakı Metropolitenində terror aktı törədilməsində əlaqəli olan şəxslər bir qismi barədə aldığı məlumatları MTN-də rəhbər vəzifədə işləyən mərhum Balabəy Balabəyova təqdim edib. Müvafiq məlumatda terror aktını törədənin yas mərasimində yaxın qohumlarının Dağıstandan gəlmiş “Sadval” ilə əlaqəli şəxsləri övladlarının ölümündə ittiham etməsi barədə informasiyalar öz əksini tapıb. Həmin informasiyalar cinayətkarların müəyyən olunması istiqamətində MTN-in həyata keçirdiyi fəaliyyətdə mühüm rol oynayıb.

1996-ci ildən hərbi xidmətini Prezident yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti) davam etdirən S.Abbasov pedaqoq kimi fəaliyyətə başlayır. Müstəqil respublikada yeni yaradılan strukturda kadrların hazırlanması ilə məşğul olan S.Abbasov gənc əməkdaşlara əməliyyat işinin və əks-kəşfiyyatın incəliklərini öyrədir. Həm baş müəllim, həm də tədris kursunun rəhbəri kimi 25 il öncə yetişdirdiyi gənc zabitlər bu gün DTX-nin, eləcə də digər dövlət strukturlarda (Prezidentin Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) məsul vəzifələrdə çalışırlar. Hər bir müəllimin ən böyük mükafatı onun yetirmələridir. Hazırda S.Abbasovun vaxtilə əks-kəşfiyyat peşəsini öyrətdiyi gənclərdən biri Dövlət Təhlükəsizliyi Xidmətində, digəri isə Prezidentin Təhlükəsizlik Xidmətində general rütbəsində dövlətçiliyin keşiyində dururlar. Eyni zamanda diplomatik sahədə çalışanlar arasında fövqəladə və səlahiyyətli səfir rütbəsini daşıyan şəxslər vardır.

Təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra dini sahədə kifayət qədər biliklərə malik olduğu üçün 2006-cı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə işə dəvət olunub. 2006-2013-cü illərdə Komitənin şimal bölgəsi üzrə şöbəsində baş məsləhətçi kimi çalışdığı dövrdə vaxtaşırı rayonlarda dini maarifləndirmə istiqamətində hazırladığı mühazirələr söyləyib. Həmin tədbirlərdə S.Abbasov dini pərdəsi altında ölkədə fəaliyyət göstərən, əslində isə ideoloji təxribat və dini zəmində qarşıdurma yaratmaq istəyən qüvvələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. Habelə tədbirlər çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, polis və DTX əməkdaşları, eləcə də sadə vətəndaşlarla dini sahədəki bilik və təcrübələrini bölüşüb.

Bu gün S.Abbasov şimal zonasının hörmətli ağsaqqallardan hesab olunur. Yaşının 80 olmasına baxmayaraq ürəyi hər zaman təhlükəsizlik orqanları ilə döyünən S.Abbasov bu gündə öz mənəvi dəstəyini vətənin keşiyində duran insanlardan əsirgəmir. Hər zaman öz bilik və bacarıqlarını, eyni zamanda separatçılıq və dini ekstremizm ilə mübarizə sahəsindəki təcrübələrini gənc kadrlarla bölüşür.

Azər Qarayev,
Azərbaycan təhlükəsizlik orqanlarının və birinci Qarabağ müharibəsinin veteranı, istefada olan polkovnik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti