Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən fəaliyyət sahələri üzrə dəyər zəncirinin inkişaf etdirilməsi, rəqabətə dayanıqlı məhsulların istehsalı, portfelin şaxələndirilməsinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq xarici şirkətlərlə, xüsusilə də investorlarla görüşlər keçirilir, yeni əməkdaşlığın qurulması istiqamətində işlər aparılır.
KOTRA Bakı Ofisi Azərbaycan və Koreya Respublikaları arasında ticari əlaqələri təşviq edir və Koreya şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırmalarına dəstək olur. Bu istiqamətdə Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi – KOTRA-nın Bakı Ofisinin dəstəyi ilə Koreya Respublikasının “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti Azərbaycan bazarına daxil olmuşdur. Bu əməkdaşlıq nəticəsində Koreyanın “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüş zamanı hər iki tərəf təmsil etdikləri qurumlar haqqında ətraflı məlumat vermiş, alüminium sənayesinin inkişafı üzrə əməkdaşlıq qurulması perspektivləri və birgə layihələrin icrası ilə bağlı müzakirələr aparmışdır.
Görüşdə “Azəralüminium” MMC və “Institute for Advanced Engineering” arasında alüminium ərintilərinin istehsalı, tədqiqat mərkəzlərinin yaradılması və digər əməkdaşlıq sahələrini əhatə edən anlaşma memorandumu imzalanmışdır.
Qeyd olunmalıdır ki, “Institute for Advanced Engineering” istehsal texnologiyaları üzrə elmi araşdırmalar aparan Koreyanın önəmli təşkilatlarından biridir. Alüminium materialların, əsasən də alüminium ərintilərinin xüsusi növlərinin istehsalı üzrə ixtisaslaşan “Lemon Metal Inc.” şirkəti “Nedec Co.Ltd” şirkətinin tərkibindədir və avtomobil, enerji, telekommunikasiya, informasiya texnologiyaları üzrə sənaye sahələrinə qlobal səviyyədə məhsullar təqdim edir.
Görüşün sonunda 14 noyabr 2023-cü il tarixində nümayəndə heyətinin Gəncə şəhərində yerləşən Gəncə Alüminium Kompleksinə səfər etməsi və istehsal prosesi ilə tanış olması da razılaşdırılmışdır.