...

Azərbaycan Milli Amputant Futbol Komandası Xaçmazda yoldaşlıq görüşü keçirib

Gündəm Materials 23 May 2024 16:56 (UTC +04:00)
Azərbaycan Milli Amputant Futbol Komandası Xaçmazda yoldaşlıq görüşü keçirib

Bakı. Trend:

Şimal bölgəsində təlim-məşq toplantısını davam etdirən Azərbaycan Milli Amputant Futbol Komandası və Türkiyənin ODTÜ Amputant Futbol Klubu Xaçmaz rayonunun Qoçaqlı kənd stadionunda yoldaşlıq görüşü keçirib.

Görüş yerli sakinlər tərəfindən maraqla izlənilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba- Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri də yoldaşlıq oyununu izləyənlər sırasında olub. Matçdan əvvəl hər iki komandanın üzvləri görüşən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev onlara qarşıdakı Avropa çempionatında uğurlar arzulayıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Milli Amputant Futbol Komandası 1-8 iyun 2024-cü il tarixlərində Fransanın Evian şəhərində təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət komandamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində Dünya çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü millilər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti