Bakı. Trend:
Bəzi şəxslər tərəfindən səsləndirilən “Qohum evliliyi ilə bağlı qadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslı deyil.
Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normaları – xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılmışdır:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur. Qanun bütün qohumluq münasibətlərinə deyil, yalnız konkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur. Qadağa aşağıdakı halları əhatə edir:
Qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları (əmioğlu, xalaoğlu və s.).
Əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş (bacı) oğlu arasında nikah.
Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbi nəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrə müəyyənləşdirilmişdir”.
T.İbrahimova qeyd edib ki, qanuna qarşı yönəlmiş daha bir iddia qeyri-rəsmi nikahların artması ilə bağlıdır:
“Bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malik deyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlar qeyri-rəsmi nikahlar ər və arvad statusu yaratmır. Vərəsəlik, aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir. Uşaqların hüquqi statusunu və sosial müdafiəsini riskə atır. Beləliklə, qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir, əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır. Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlar gələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxara bilər. Aparılan müşahidələr göstərir ki, əhali arasında bu qanuna münasibət birmənalı deyil. Bir qisim insan qanunu alqışlayır və gələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimi dəyərləndirir. Digər qisim isə, xüsusilə bəzi regionlarda, bu qərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimi qəbul edir. Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqi üçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurun dəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqca vacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edə bilər”.
“Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquq müstəvisində hər zaman üstün tutulur. Bu səbəbdən, sözügedən qanun dəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir. Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir vətəndaşın mənəvi və hüquqi borcudur”, - T.İbrahimova deyib.