Bakı. Trend:
“Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edilib.
Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid ediləcək:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr;
- Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə (xüsusi növ dövlət qulluğu vəzifəsinə) təyin olunma günündən hərbi xidmətin (xüsusi növ dövlət qulluğu vəzifəsində xidmətin) son gününədək olan dövr;
- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr;
- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularının müvafiq vəzifəyə təyin olunduqları gündən həqiqi hərbi xidmətdə olmanın son gününədək olan dövr;
- daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq (xidmət) keçmələrinə xitam verilən günədək olan dövr;
- həqiqi hərbi xidmətdə, daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarının kadrları tərkibində qalmaqla hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında, müəssisə və təşkilatlarda işə başladıqları gündən son günədək olan dövr;
- hərbi və xüsusi rütbəli şəxslərin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq xidmətdən (qulluqdan) buraxılması (kənarlaşdırılması) ilə əlaqədar işləmədiyi (xidmət etmədiyi) müddət;
- döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti və hərbi qulluqçu əsirlikdə olarkən, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişdirsə, həmin dövrlər;
- hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və xidmətdən buraxılmış əmək pensiyaçılarının həmin orqanlarda xidmət müddəti;
- ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində mülki işçi qismində işlədikləri müddət;
- ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminat ilə bağlı vəzifələrdə işlədikləri müddət;
- yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”na uyğun olaraq hesablanmaqla müəyyən edilən dövr;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək onun əməkdaşlarının malik olduqları xidmət dövrü;
- zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü.
Qeyd: Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunan təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmət müddətinə daxil ediləcək.
- ali kateqoriya dövlət orqanlarından işdən çıxan və sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlar üçün həmin orqanlarda işlədiyi dövr.
Həmçinin, hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı dövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid ediləcək:
Xidmətin bir ayı iki ay sayılmaqla:
- döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicə müəssisələrində fasiləsiz olma müddəti;
- respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə xidmət müddəti;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə reaktiv, turbovintli və turbovallı aviasiyada uçuş işində xidmət müddəti;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlərlə su altında və barokameralarda yüksək təzyiq şəraitində qalmaqla iş aparan dalğıc vəzifələrində xidmət müddəti.
Xidmətin bir ayı ayyarım sayılmaqla:
- müvafiq dövlət orqanlarının və qurumlarının rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarının, daxili işlər və ədliyyə orqanlarının xüsusi və ya hərbi rütbəli şəxslərinin xidmət dövrü;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət dövrü;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə həmin orqanların (qurumların) xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrində (struktur bölmələrində) xidmət müddəti;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə:
- paraşütlə tullanma ilə bağlı bütün növ vəzifələrdə xidmət müddəti;
- sualtı qayıqlarda (qurğularda, aparatlarda) onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə xidmət müddəti;
- porşen mühərrikli təyyarələrdə və helikopterlərdə uçuş işində xidmət müddəti; - sırada olan, bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsini, müdafiəsini və toxunulmazlığını həyata keçirən sərhəd gəmilərində və katerlərində xidmət müddəti;
- sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının dövlət sərhədinin bilavasitə mühafizəsini və müdafiəsini həyata keçirən əsas bölmələrində (sərhəd zastavası, sərhəd komendantlığı, sərhəd nəzarəti bölməsi (məntəqəsi), sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi (məntəqəsi), sərhəd hava gəmisi) və dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd döyüş məntəqələrində, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında) xidmət müddəti;
- bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində xidmət müddəti;
- respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metrdən 2500 metrədək hündürlükdə xidmət müddəti;
- cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı tətbiq edilən fövqəladə vəziyyət zamanı ictimai asayişi və dövlət təhlükəsizliyini qoruma vəzifələrinin yerinə yetirildiyi müddət.
Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət günü iki xidmət günü (1992-ci il yanvarın 1-dən 2004-cü il sentyabrın 13-dək olan dövrlər, habelə həmin dövrlərdə alınan yaralar, kontuziyalar və ya xəstəliklər nəticəsində müalicə müəssisələrində olma müddəti bir xidmət günü üç xidmət günü) kimi hesablanacaq. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət gününün iki xidmət günü kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçiriləcək və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılacaqlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.
Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti isə 2 iş günü 3 iş günü kimi hesablanacaq.
Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət müddəti 1 xidmət günü 2 xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə 1 xidmət günü 3 xidmət günü kimi hesablanacaq.
Bu Qaydalarda nəzərdə tutulmayan hallarda xidmət dövrləri ayrı-ayrı hüquqi aktlar əsasında güzəştli şərtlərlə müəyyənləşdiriləcək.
Qeyd: Güzəştli şərtlər müəyyən edilmiş vəzifələrdə (ərazilərdə) xidmət müddətinin güzəştli qaydada sayılması müvafiq əmrlərə əsasən həyata keçiriləcək. Güzəşt müəyyən edilmiş vəzifələrin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə bu vəzifələrin icrası ilə bağlı güzəştlər icra etdikləri vəzifədə xidmət şərtlərinə uyğun hesablanacaq.
