Bakı. Trend:
Bu günlərdə sosial şəbəkələrdə yayımlanan müsahibədə Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçay oğlunun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti və Böyük Qayıdış tədbirləri ilə bağlı iddialar səsləndirib.
Dövlət Komitəsindən Trend-ə bildirilib ki, M.Q.Hüseynov Ağdam rayonu Təzəkənd kəndi Dəmiryol stansiyası ərazisində yerləşən yaşayış üçün yarasız tikilidə müvəqqəti məskunlaşıb.
Onun Komitəyə müraciəti əsasında Xocalı rayonunun Xanabad kəndinə daimi məskunlaşması məqsədilə, mövcud qaydalara görə ailə tərkibinə uyğun olaraq ikiotaqlı fərdi yaşayış evinin ayrılması barədə qərar qəbul edilib. O, 2025-ci il noyabrın 21-də kəndə köçürüləcək 22 ailənin də iştirakı ilə keçirilmiş püşkatmada iştirak edib püşkünü çəkərək evin kodlaşdırılmış ünvanını əldə edib.
M.Q.Hüseynov etdiyi yazılı müraciətlərdə də əvvəlcə ona püşkatmada çıxmış evlə bağlı narazılıq bildirib, sonradan isə qızının ailəsinə verilmiş evlə qonşuluqda başqa yaşayış sahəsi tələb edib.
"Hazırda Xanabad kəndinə köç başlamayıb. Köç olanadək püşkatma nəticəsində ona düşən evə köçə bilməyəcəyi ilə bağlı qərarının qəti olduğu halda bunun rəsmiləşdirilməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən vətəndaşa rəsmi məktub göndərilib, lakin bu günədək cavablandırılmayıb", - deyə Komitədən bildirilib.
Qeyd edilib ki, təsdiq edilmiş bərpa qrafikinə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən mərhələli formada inşa, yaxud bərpa olunmuş evlərin təqdim olunmuş kodlar üzrə siyahısına əsasən Dövlət Komitəsi tərəfindən yalnız köçürüləcək ailələrin püşkatması keçirilir. Püşkatma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, həmçinin İctimai Şura üzvlərinin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilir.
"Böyük Qayıdış tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması ilə əlaqədar Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı M.Q.Hüseynovun əsassız fikirlərinin və onun söylədiklərinin sosial şəbəkələrdə ictimailəşdirilməsi hüquqi məsuliyyət yarada bilər", - deyə məlumatda vurğulanıb.
