...

Ötən ay Naxçıvanda axtarışda olan 242 nəfər saxlanılıb

Gündəm Materials 18 Fevral 2026 17:27 (UTC +04:00)
Ötən ay Naxçıvanda axtarışda olan 242 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvanda son bir ayda hüquqazidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 35 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, ötən ay ərzində keçirilən əməliyyat tədbirləri ilə ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materialları, məişət əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən 19 nəfər saxlanılıb.

Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə pul vəsaitlərini mənimsəyən, eləcə də qanunsuz ovla məşğul olan 6 nəfər barəsində müvafiq tədbirlər görülərək məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 29 ədəd odlu silah, 6 qaz tapançası, 10 avtomat darağı, 961 ədəd patron, 1 ədəd əl qumbarası və 4 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.

“102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 2000-dən artıq müraciət operativ şəkildə cavablandırılıb, daxil olan məlumatlar üzrə polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 242 nəfər saxlanılıb.

Vətəndaşların qəbulu zamanı müraciət edən 205 nəfərin müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb, vətəndaş məmnunluğu təmin edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılmış şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti