RED. əlav.: FHN-nin son məlumatı yenilənib
Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın qərbində yerləşən Tovuz rayonunda torpaq sürüşməsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.
Fövqəladə Hallar Nazirliyinin çərşənbə axşamı yaydığı məlumata görə, aprelin 27-də saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib.
Sürüşmə zamanı bir fərdi ev torpaq altında qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və xilasediciləri Aviasiya dəstəsinin vertolyotu ilə zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.
İlkin məlumata görə, hadisə nəticəsində bir ailənin üzvləri - 1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova və 2010-cu il təvəllüdlü Vüsalə Oqtay qızı Qasımova torpaq altında qalıb.
Əkbər Məmmədovun və Növrəstə Məmmədovanın cəsədləri kənd sakinləri tərəfindən, Azadə Məmmədovanın, Jalə Məmmədova və Vüsalə Qasımovanın cəsədləri isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq dağıntılar altından çıxarılıb.
Əməliyyat saat 15:29-da başa çatıb.
Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.