...

Yazıçı Rafiq Tağı xəstəxanada dünyasını dəyişib

Hadisə Materials 23 Noyabr 2011 16:03 (UTC +04:00)
Yazıçı Rafiq Tağı çərşənbə günü saat 15:40 radələrində dünyasını dəyişib.
Yazıçı Rafiq Tağı xəstəxanada dünyasını dəyişib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Yazıçı Rafiq Tağı çərşənbə günü saat 15:40 radələrində dünyasını dəyişib. Bu barədə çərşənbə günü Trend-ə Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov məlumat verib.

Qeyd edək ki, noyabrın 19-da saat 22:00 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibbi Mərkəzə daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yazıçı-publisist Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.

Rafiq Tağı 5 avqust 1950-ci ildə Masallı rayonunun Xoççobanlı kəndində dünyaya göz açıb.

Rafiq Tağı həkim olmaq niyyəti ilə 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında ixtisasını təkmilləşdirib. Topladığı təcrübə və biliklər sayəsində Sabirabad rayonunun Yolçubəyli kənd ambulatoriyasının, Masallıdakı Həsənli kənd xəstəxanasının baş həkimi kimi neçələrinin şəfa tapmasına yardımçı olub. Ömrünün 11 ilini Rusiya Federasiyasının Moskva şəhəri və Kalinin vilayətindəki səhiyyə müəssisələrində həkim kimi insanların sağlamlığına həsr edən Tağı 1990-cı ildən həyatının sonuna kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, paralel olaraq Mərdəkan qəsəbəsində yerləşən "KM" Müayinə-Müalicə Mərkəzində çalışıb.

Onun adı ictimaiyyətə yazıçı, jurnalist və publisist kimi daha yaxından tanış idi. Bədii əsərləri Masallının "Çağırış" qəzetində, "Ulduz" jurnalında və çoxsaylı kütləvi informasiya vasitələrində dərc olunub. Yaradıcılığına özünəməxsus orijinal yol və üslub xas idi. Yazıları bir qayda polemika doğururdu. Yaradıcılığında aparıcı mövzuları Azərbaycançılıq, bütövləşmə təşkil edirdi.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti