...

İran Prezidentinin müşaviri infarkt keçirib

Hadisə Materials 24 Noyabr 2011 18:37 (UTC +04:00)
İran Prezidentinin KİV məsələləri üzrə müşaviri və İranın IRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekr infarkt diaqnozu ilə reanimasiya şöbəsindədir.
İran Prezidentinin müşaviri infarkt keçirib

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir D.Xatınoğlu/

İran Prezidentinin KİV məsələləri üzrə müşaviri və İranın IRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekr infarkt diaqnozu ilə reanimasiya şöbəsindədir. Bu barədə cümə axşamı Trend IRNA agentliyinə istinadən məlumat verir.

Cavanfekr ölkənin aparıcı qəzetlərindən biri olan "İran"ın da baş redaktorudur.

Bazar günü Tehran məhkəməsi Cavanfekri bir il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarı ilə Cavanfekr, həmçinin, üç il müddətinə mətbuat sahəsində çalışmaqdan məhrum edilib.

Cavanfekrə qarşı "Xatun" adlı xüsusi buraxılışda İslam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları çap etmək ittihamı irəli sürülmüşdü.

Cavanfekr 20 gün ərzində ona qarşı çıxarılmış hökmdən apelyasiya şikayəti verə bilər.

Bir neçə gün öncə Cavanfekr ölkənin "Etimad Milli" qəzetinə müsahibəsində sabiq xarici işlər naziri Mənuçöhr Müttəki və İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyiyə qarşı sərt ittihamlar irəli sürmüşdü. "Etimad Milli" qəzeti həmin müsahibənin dərcindən sonra bağlanıb.

Xəbər lenti

Xəbər lenti