Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə polis əməkdaşı qətlə yetirilib.
Gəncə şəhər prokurorunun köməkçisi Rafael Həsənov Trend-ə bildirib ki, mayın 21-də saat 01:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Post patrul xidməti tağımında polis nəfəri işləmiş 1985-ci il təvəllüdlü Pənahov Elmir Həsən oğlunun naməlum şəxs tərəfindən kəsici-deşici alətlə qəsdən öldürülməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Pənahovun xidmətdə olmadığı müddət müvvəqqəti yaşadığı binanın həyətində həmin binada daimi yaşayan Gəncə şəhər sakini İsmayılov Cavidan Rasim oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi müəyyən edilib.
Cavidan İsmayılov Gəncə şəhəri, Kəpəz rayon polis şöbəsinə könüllü gələrək Elmir Pənahovu qəsdən öldürdüyünü etiraf edib və cinayətin aləti olan bıçağı təqdim edib.
O, cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.