...

Salyanda yaşayış evi uçularaq dağılıb, daha dörd ev qəzalı vəziyyətdədir

Hadisə Materials 10 Aprel 2013 12:01 (UTC +04:00)
Aprelin 9-da Salyan rayonunda vaxtilə Kür çayındakı daşqınlarından ziyan çəkmiş ikiotaqlı fərdi yaşayış evi uçularaq dağılıb.
Salyanda yaşayış evi uçularaq dağılıb, daha dörd ev qəzalı vəziyyətdədir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 9-da Salyan rayonunda vaxtilə Kür çayındakı daşqınlarından ziyan çəkmiş ikiotaqlı fərdi yaşayış evi uçularaq dağılıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, şəhid ailəsi olan 61 yaşlı Kübra Qoçəli qızı Tağıyevaya məxsus çiy kərpicdən tikilmiş ikiotaqlı, 1 eyvanlı fərdi yaşayış evinin arxa hissəsi çökərək bir anın içində uçulub.

Həmin an həyətyanı sahədə olan ailənin 10 nəfərdən ibarət üzvü və qonşular evin dağılmasından gurultu eşidilərkən xəbərdar olublar.

Qeyd edək ki, Tağıyevaya məxsus ev 50 il bundan öncə çiy kərpicdən tikilib və hər dəfə Kür çayında daşqın baş verən zaman aylarla qrunt suları içərisində qalıb. Nəticədə evdə çatlar əmələ gəlib və o, qəzalı vəziyyətə düşüb. Şəhid ailəsi hazırda evsiz qalıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, komissiyanın üzvləri dərhal hadisə yerində olublar. Komissiya tərəfindən hadisə yerinə baxış keçirilib və bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Sakinlərin sözlərinə görə, həmin kənddə daha dörd fərdi yaşayış evi qəzalı vəziyyətdədir və istənilən an uçularaq dağıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti