Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/
Göygöl polisi oğurluq faktının üstünü açıb. 15 yaşlı qız qonşusunun evindən 1220 manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları oğurlayıb.
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Göygöl rayonunun Topalhəsənli kənd sakini Sahib Cəfərovun mənzili qarət olunub. Naməlum şəxs evdə heç kimin olmamasından istifadə edərək oradan xeyli miqdarda qızıl-zinət və digər qiymətli əşyaları oğurlayıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsini qonşuluqda yaşayan 15 yaşlı qız törədib.
Baş müstəntiq Elşən Elçiyev bildirib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin oğurluq hadisəsini hələlik adı açıqlanmayan, 1998-ci ildə anadan olmuş Topalhəsənli kənd sakini törədib. Həmin şəxs istintaqa təqdim olunaraq dindirilib.
Şöbədə dindirilən azyaşlı qız qonşusunun mənzilindən oğurluq etdiyini etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. 15 yaşlı məktəbli ifadəsi zamanı maraqlı açıqlamalar da verib.
Saxlanılan şəxs deyib: "Həmin ev bizim məhəllənin yanındadır. Evdə adam olmayanda çəpərdən keçib evə daxil oldum. Orada termonun qapağındakı qızılları götürüb çıxdım. Əməlimdən peşmanam, həmin oğurluğu etməsəydim, indi burada deyildim".
Hazırda faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.