Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/
Qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan 31-nə keçən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəsinin sözlərinə görə, insan ölümü ilə nəticənən ən ağır yol qəzası Ağstafa rayonunda baş verib. Belə ki, körpüdə idarəetməni itirən avtomobil yoldan çıxaraq dəmiryolunda elektrik qatarları üçün nəzərdə tutulan naqillərin üstünə düşüb, daha sonra dərəyə yuvarlanıb. Hadisə nəticəsində 4 nəfər yerindəcə ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, qarlı hava Ağstafada dəhşətli qəzaya səbəb olub. Gecə saatlarında yağan güclü qar magistral yollarda hərəkəti çətinləşdirib. Ağstafa rayonu ərazisində avtomobillər körpüdən aşaraq qəza törədib.
Qazax-Ağstafa avtomobil yolunun Köhnə Qışlaq kəndindən keçən hissəsində yüksək sürətlə Qazax istiqamətində hərəkət edən "BMW" markalı avtomaşın dəmir yolu üzərindəki körpüyə çatarkən idarəetməni itirərək dərəyə yuvarlanıb.
Avtomaşın aşarkən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı hadisə yerindəcə dünyalarını dəyişiblər. Bunlar - sürücü, Füzuli rayon sakini 30 yaşlı Elnur Əliyev, sərnişinlər Ağstafa rayon sakinləri 22 yaşlı Əli Mehrəliyev, 26 yaşlı Alqayıt Abbasov və Ağsu rayon sakini 24 yaşlı Naiq İsiyevdir.
Qeyd edək ki, yüksəkgərginlikli xəttin üzərinə düşən avtomobildən meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.