Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Məhhərəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib.
Zərərçəkmiş Validə Məmmədova deyib ki, oğlunu işə düzəltmək üçün Ə.Məhərrəmova 6250 manat verməsindən M.Abdullayevanın məlumatı olub.
M.Abdullayeva ifadəsində bildirib ki, polkovniklə rəsmi nikahları yoxdur, ondan 1 övladı var.
O deyib ki, ərinin işlərindən xəbəri olmayıb. Əvvəlcə Ə.Məhərrəmovla bir yerdə işlədiyini təkzib edən qadın sonradan bunu etiraf edib. O, hazırda zərərçəkmişlərə dəyən ziyanı ödəmək imkanı olmadığını deyib: “Kolbasa sexində işləyib 350 manat maaş alıram, həm Əlövsətə, həm də uşaqlarıma baxıram”.
Polkovnik Ə.Məhərrəmov isə ümumilikdə zərərçəkmişlərdən alıb qaytarmadığı 670 min manat pulu ləğv edilmiş MTN-nin həbsdə intihar edən polkovniki İlqar Əliyevə verdiyini deyib.
Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.