Bakı. Tural Turan - Trend:
Niyazobada 1 ədəd hədəf simulyatoru aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 5 Dekabr tarixində saat 17:35-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən Agentliyə Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hədəf simulyatorunun tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.