...

Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi (VİDEO)

Hadisə Materials 11 Mart 2020 18:34 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi (VİDEO)

Bakı. Trend:

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə olunmasının qarşısı alınıb. İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Şəxsi axtarış zamanı Kamran Hüseynovun əlindəki bağlamaya baxış keçirilərkən 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamran Hüseynov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazinə keçirərək Xəzər dənizinin sahilində Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti