Bakı. Trend:
Tovuzda evdə yanıb ölən 2 qadının qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, iyulun 25-i saat 03 radələrində Tovuz rayonu İbrahimhacılı kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində ev sahibi Yaqut Quliyeva və həmkəndlisi Həqiqət Cabbarovanın ölmələri faktı ilə bağlı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin “isti izlər”lə açılması təmin edilərək onların qəsdən öldürülmələri müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs
tərəfindən qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox
şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb
etməklə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi
başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri
2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü
D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında
oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha
sonra Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri
səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq
üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürmələrinə və evi
yandırmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
E.Bağırov və D.Dadaşov Cinayət Məcəlləsinin qeyd edilən maddələri
ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs
qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.