Bakı. Trend:
Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib. Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61.500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər
məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev
saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı- əvvəllər məhkum
olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə
törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd
olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu
ilə əldə etdikləri 32.500 manat aşkarlanaraq maddi sübut kimi
götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə
cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli
miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı
Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində
məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib,
araşdırmalar davam etdirilir.