Azərbaycan, Bakı/ Trend müxbir C.Ağayeva/ Sankt-Peterburqda baş verən dəmir yol qəzası nəticəsində zərərçəkənlər arasında azərbayacanlılar yoxdur. Bu barədə çərşənbə axşamı telefonla Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən bildiriblər.
Moskvadan Sankt-Peterburqa gedən "Nevskiy ekspress" qatarı bazar ertəsi axşam Novqorod vilayətində əldəqayırma qurğunun partlaması nəticəsində relsdən çıxıb. Onlarla insan zərər çəkib və təqribən 800 metr dəmir yolu sıradan çıxıb.
"Səlahiyyətli orqanlar müəyyən ediblər ki, hadisənin baş verməsinin səbəbi əldəqayırma partlayıcı qurğu ilə dəmir yolu xəttinin dağılması olub", - deyə RDDY mətbuat xidmətinin rəisi Natalya Akafyeva "Reyter" agentliyinə bildirib.
Şimal-Qərb Regional Mərkəzindən bildirilib ki, qəza nəticəsində həm sərnişinlərdən, həm də heyət üzvlərindən 26 nəfər yaralanıb və xəstəxanaya aparılıblar.
Şimal-Qərb federal dairəsində baş prokurorluq idarəsinin rəisi Sergey Bedniçenko hadisə yerində bildirib ki, faktla bağlı terrorizm maddəsi ilə cinayət işi qaldırılıb.
Hadisə avqustun 13-də, bazar ertəsi axşam Moskvadan 500 km. məsafədə, Novqorod vilayətində baş verib.