...

Azərbaycan AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd yayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd yayacaq. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

"Hazırda nümayəndə heyəti həmin sənədləri hazırlayır" - deyə Seyidov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

2005-ci ildə AŞPA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və münaqişənin həll olunmamış qalmasının yaratdığı təhlükələr əks olunub.

Nümayəndə heyətinin rəhbəri sənəddə hansı məsələlərin əks olunacağını açıqlamayıb.

AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı məsələnin olmadığını bildirən Seyidov əlavə edib ki, buna baxmayaraq toplantıda müzakirə olunacaq mövzular Azərbaycan üçün də əhəmiyyətlidir: "Ona görə də Azərbaycan nümayəndə heyəti həm komitələr, həm siyasi qruplar, həm də sessiyada aktiv iştirak edəcək. AŞPA-da bir sıra sənədlər yayacağıq. Nümayəndə heyəti həmin sənədləri hazırlayır. Sənədlər Azərbaycanın problemləri, ölkəmizi narahat edən problemlərlə bağlıdır. Lakin ilk növbədə AŞPA deputatlarının hazırlanan sənədlərlə bağlı imzalarını toplamaq, bu istiqamətdə iş aparmaq lazımdır".

Seyidov sessiya çərçivəsində AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasının keçiriləcəyini istisna etməyib. O qeyd edib ki, Alt Komitənin sədri, böyük britaniyalı deputat lord Rassel Conston vəzifəsindən istefa verib. Komitəyə yeni sədrin seçilməsi məsələsi var: "Ola bilər ki, Alt Komitənin iclası keçirildi. Amma bu hələlik dəqiqləşməyib".

AŞPA-nın payız sessiyası sentyabrın sonu, oktyabrın əvvəllərində Fransanın Strasburq şəhərində keçiriləcək. Azərbaycan AŞPA-da altı əsas və altı əvəzedici deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti