...

Minsk qrupu hesab edir ki, Qarabağa dair BMT-nin Qətnaməsi sülh prosesi üçün təhlükə yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart / Trend , müxbir K.Ramazanova/ ATƏT-in Minsk qrupu hesab edir ki, BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə sülh prosesi üçün təhlükə yaradır.

"Minsk qrupunun həmsədr ölkələri birtərəfli Qətnamənin əleyhinə səs verir. Onlar bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır" - deyə ATƏT-in Minsk qrupunun çərşənbə axşamı açıqlanan bəyanatında bildirilir.

Cümə günü BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnaməni təsdiq edib.

Qətnamədə "Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan Qüvvələrinin dərhal, tam və qeyd-şəərtsiz çıxarılması" tələb olunur.

Həmsədrlər öz bəyanatlarnda təkrar edirlər ki, Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə, bərabərhüquqlu və həmişəlik nizamlanması üçün "qaçılmaz güzəştlər" tələb olunacaq.

Bugünkü bəyanatda Minsk qrupu bildirir ki, qoşunların təmas xəttində insan itgisi ilə nəticələnən ciddi toqquşmalar baş verən zaman, "hər iki tərəf birtərəfli fəaliyyətdən imtina etməlidir".

Martın 4-dən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində (Azərbaycanın işğal olunmuş əraziləri istiqamətində) atəşkəs rejimi pozulub. Ölən və yaralananlar var.

Rəsmi Bakı hesab edir ki, Qətnamə layihəsinə qarşı çıxış etməklə həmsədrlər özlərini olduqca çətin vəziyyətdə qoyublar. Bu barədə əvvəllər jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Həmsədrlər artıq uzun müddətdir ki, yalnız vəd verməklə məşğuldurlar və vədlərini tutmurlar" - deyə Əzimov vurğulayıb. Onun sözlərinə görə, həmsədrlər siyasi oyunların iştirakçılarıdırlar. Onların təmsil etdiyi ölkələrin mövqeyi üst-üstə düşmür. Onların hər birinin regionda öz marağı var.

Əzimovun fikrincə, Minsk qrupu hazırkı formatda öz səmərəliliyini artıq itirib. "Minsk qrupuna Türkiyə və Almaniya kimi ölkələr də daxildir və onlar münaqişə ilə bağlı daha sağlam mövqeyə malikdir" - deyə o bildirib.

Əzimov həmçinin Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həmsədrlərin bəyanatlarından narahatlığını ifadə edib. "Öz müqəddaratını təyin etmə prinsipi dövlətin ərazi bütövlüyü prinsipinin dəyişməsinə gətirib çıxarmamalıdır" - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti